IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

 IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının gümüş medalçıları taekvondoçu Adil Kazımlı (-73 kq), boksçu Gülər Hüseynova (51 kq), MOK-un xarici əlaqələr idarəsinin müdiri, Azərbaycan komandasının şef-de-missionu Anar Bağırov, məşqçilər, Olimpiya komandasının həkimi Ruslan Şərifov və Oyunlarda iştirak etmiş digər idmançılar Vətənə qayıdıblar.

Fanat.Az MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində MOK Azərbaycan Taekvondo və Boks Federasiyalarının əməkdaşları, məşqçilər, media və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Taekvondo üzrə yığma komandanın baş məşqçisi Elnur Amanov qeyd edib ki, Adil Kazımlı finala qədər gərgin mübarizə apardı: "Finala qədər afrikalı idmançılar Adil üçün əsas rəqiblərdən sayılırdı. Finalda İordaniya idmançısı ilə görüş həlledici oldu. Qızıl medalın bir addımlığında təşəbbüsü əldən verdi. Amma qazandığımız gümüş medal da yüksək nəticədir. Hesab edirəm ki, gələcəkdə daha yaxşı nailiyyətlər əldə edəcəyik".

Milli Olimpiya Komitəsinin (MOK) xarici əlaqələr idarəsinin müdiri, Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov oyunların yekunları və idmançıların çıxışları ilə bağlı fikirlərini bildirib: ““Dakar-2026" Yeniyetmələrin Yay Olimpiya Oyunları artıq başa çatdı. On üç yeniyetmə idmançı ilə təmsil olunan Azərbaycan komandası bu yarışı 3 qızıl və 3 gümüş medalla başa vurdu. Nəzərə alsaq ki, bu oyunlarda belə rəqabətli şəraitdə mübarizə aparmaq olduqca çətindir, lakin idmançılarımız bu sınaqdan da uğurla çıxdılar. Medal qazanan 6 idmançımızdan başqa, digər təmsilçilərimiz də yüksək əzmkarlıq nümayiş etdirdilər. Ümumilikdə götürdükdə, çətin şəraitdə və gərgin rəqabət mühitində keçən yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”.

Gümüş medal qazanan boksçu Gülər Hüseynova qeyd edib ki, bu nəticə Azərbaycan boks idmanı tarixində yeni bir səhifədə yer alacaq: “İnanıram ki, “Dakar-2026” Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əldə etdiyim bu mükafat gələcək uğurlarıma təkan verəcək. Arzu edirəm ki, belə bir parlaq nəticəni yaxın gələcəkdə böyüklərin Yay Olimpiya Oyunlarında təkrarlayım”.

Gümüş medal qazanan taekvondoçu Adil Kazımlı qeyd edib ki, Yeniyetmələrin Olimpiya Oyunlarında çıxışı əlamətdar bir tarixlə yadda qalacaq: ““Dakar-2026” Yeniyetmələrin Yay Olimpiya Oyunlarının keçirildiyi vaxt biz Zəfər günümüzü qeyd edirdik. Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm”.

Xatırladaq ki, "Dakar-2026"da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunan Azərbaycan komandası oyunları 3 qızıl və 3 gümüş medalla başa vurub. Qızıl medalları cüdoçu İbrahim Talıbov (-55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar.

Digər çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (-73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə oyunları gümüş medalla başa vurublar. Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 13-cü yeri tutub. Çin yığması 18 qızıl, 8 gümüş və 7 bürünc medalla birinci olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər