"Sürətli hücumlar, uzaq məsafədən zərbələr və standart vəziyyətlər əsas silaha çevrilməlidir" - Vaqif Sadıqov

"Sürətli hücumlar, uzaq məsafədən zərbələr və standart vəziyyətlər əsas silaha çevrilməlidir" -  Vaqif Sadıqov

Azərbaycan millisi bu gün Bakı vaxtı ilə saat 23:45-də Vadutsda (Vaduz) Lixteynşteynlə üzləşəcək.

Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb matç barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İstər-istəməz, milli komandamızın bu gün keçiriləcək oyunundan gözlətimiz yalnız qələbədir. İlk növbədə ona görə ki, bu, turnir baxımından əhəmiyyətli qarşılaşmadır. Komandamız bundan əvvəl hədəflərini açıqlayarkən qrup lideri olmaqla yanaşı, D liqasını tərk etməyi qarşısına məqsəd qoymuşdu. Bu gün mütləq qələbə qazanaraq yoluna davam etməlidir.

Hesab edirəm ki, komandamız Bakıda keçirilən oyunu yaddan çıxarmayıb. Nə qədər hücum etsək, qol imkanları yaratsaq da, qarşılaşmanı öz xeyrimizə başa vura bilmədik və heç-heçə ilə barışmalı olduq.
Burada da bəllidir ki, Lixtenşteyn (Liechtenstein) bütün komanda ilə müdafiəyə çəkilən rəqibdir. Bu müdafiəni yarmaq üçün cinahlardan sürətli hücumlar, uzaq məsafədən zərbələr və standart vəziyyətlər əsas silaha çevrilməlidir. Bundan əvvəl də qeyd etdiyim kimi, ilk oyunda həmin imkanlardan istifadə edə bilməməyimiz qələbə qazanmağımıza maneə oldu.
Düşünürəm ki, bu oyunda da kifayət qədər qol epizodu olacaq və onlardan yararlanmaq çox vacibdir. Düzdür, Bakıda keçirilən qarşılaşmada da bunun şahidi olduq ki, Lixtenşteyn bir neçə dəfə əks-hücumlara cəhd etdi. Bunu da nəzərə alaraq, futbolçularımız hazır olmalı və rəqibə əks-hücumlarda nəsə əldə etmək imkanı verməməlidirlər".
Hesab edirəm ki, millimiz həm heyətinin keyfiyyətinə, həm də hazırkı formasına görə qarşılaşmanın aşkar favoritidir. Nəticədən asılı olmayaraq, bizə qələbə lazımdır və komandamız bu qələbəni mütləq bu gün əldə etməlidir".
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər