Bakı İdman Sarayında eşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İlk dəfə olaraq Dövlət Himni işarət dili ilə də təqdim edilib.
Daha sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidenti İosif Stavrakakis (Iosif Stavrakakis) və Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramov çıxış ediblər.
Çıxışlarda yarışın əhəmiyyəti, ölkəmizdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların idman vasitəsilə sosial fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlər vurğulanıb, iştirakçılara uğurlar arzulanıb.
Anar Bayramov çıxışında ölkəmizdə Deflimpiya hərəkatının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qısa müddət ərzində bu istiqamətdə əhəmiyyətli nailiyyətlərin əldə edildiyini bildirib. O, Yaponiyada (Japan) keçirilən son Deflimpiya Oyunlarında qazanılan gümüş medalın digər gənc idmançılar üçün də mühüm stimul olduğunu diqqətə çatdırıb.
Daha sonra Anar Bayramov ilk dəfə ölkəmizdə təşkil olunan eşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatını açıq elan edib.
Tədbir çərçivəsində Deflimpiya hərəkatının yaranmasından bu günədək keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Açılış mərasimi bədii hissə ilə davam edib.