Azərbaycanın U-17 millisi dünən Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya ilə üz-üzə gəlib. Frankfurtda keçirilən qitə turnirindəki ilk matçında yığma 0:7 hesabı ilə uduzub.
Hazırda U-17-nin düşərgəsində olan Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb yeniyetmələrin böyük hesabla məğlub olduğu görüş barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Ümumiyyətlə, klubun bu nəticəyə təsir edən bir neçə amili var. İlk növbədə qeyd etmək lazımdır ki, 17 yaşlılardan ibarət komandamızın bəzi oyunçuları, hətta ən yaxşıları belə, U-19 və U-20 yığmalarına dəvət alıblar. Bu səbəbdən komanda demək olar ki, tam əsas heyətlə komplektləşə bilmədi. Ancaq bu, mənim subyektiv fikrimdir.
Digər amillərdən biri isə reallıqdır. Bu gün Almaniyanın U-17 yığması Avropa və dünya futbolunda ən güclü akademiya sistemlərindən birinə malik komandalardan biridir. Bu yaş qrupunda fiziki hazırlıq, oyun tempi və taktiki intizam baxımından iki ölkə arasında ciddi fərq mövcuddur.
Komandamız ilk hissədə, təxminən 45 dəqiqə ərzində kompakt müdafiə olunmaqla rəqibə o qədər də çox qol imkanı yaratmadı. Ancaq bəsit səhvlər nəticəsində qapımızda iki top gördük. İstər-istəməz bu məqamı hər zaman vurğulamışıq. İkinci hissədə isə komanda yorulmağa başladı. Rəqibin ön xətdə tətbiq etdiyi pressinqdən çıxa bilmədik və nəticədə ardıcıl qollar buraxdıq.
Hesab edirəm ki, bu, yığmamızın gənc futbolçularının beynəlxalq oyun təcrübəsinin çatışmazlığından irəli gəlir. Yerli çempionatda yüksək intensivlikli matçların azlığı beynəlxalq arenada bu cür sürətli rəqiblərə qarşı 90 dəqiqə ərzində eyni səviyyədə mübarizə aparmağı çətinləşdirir.
Ancaq yenə də ümidliyik ki, komandamız növbəti oyunlarda Şimali İrlandiya və Litva yığmalarına qarşı özünü toparlayaraq müsbət nəticə əldə etmək üçün çalışacaq".
Əlisahib İbrahimli