AFFA-nın baş katibinin müşaviri Ramazan Səmədov Azərbaycan millisinin Lixtenşteyn (Liechtenstein) üzərində qələbə qazanaraq qrup liderliyini rəsmiləşdirməsi ilə bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, qurum rəsmisi təəssüratlarını sosial media hesabı üzərindən belə çatdırıb:
"Bəziləri deyəcək ki, bu, vacib qələbədir, çünki bizi qrupda birinci yerə çıxardı. Bəziləri də deyəcək ki, o qədər də önəmli deyil, çünki çox güclü rəqibə qarşı qazanılmayıb.
Amma sizə öz fikrimi deyim: millimizə məhz belə qələbələr lazımdır. Çünki bu qələbələr futbolçularımızın özünəinamını, özünə güvənini bərpa edir.
Futbol çox emosional və psixoloji oyundur. Özünəinamı bir saniyənin içində itirmək mümkündür, amma onu yenidən qazanmaq, bərpa etmək uzun və çətin prosesdir. Ona görə də belə qələbələrin dəyərini yalnız hesabla və ya rəqibin gücü ilə ölçmək düzgün deyil. Eşq olsun Millimizə!"
Xatırladaq ki, millimiz UEFA Millətlər Liqasında Lixtenşteynə səfərdə Mahir Emrelinin 26-cı dəqiqədə vurduğu qolla 1:0 qalib gələrək qrupu 8 xalla birinci yerdə bitirib və C Liqasına yüksəlmək hüququ əldə edib.