Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kikboksinq üzrə Avropa çempionatında daha bir veteran idmançımız medal qazanıb.
Fanat.Az xəbər verir ki, bu, Dövlət Sərhəd Xidməti mayoru, Əməkdar idman ustası Fuad Zeynalovdur.
O, kikboksinqin "Kik layt" versiyasının master kateqoriyası üzrə 94 kq çəki dərəcəsində döyüşüb. 43 yaşlı idmançı əvvəlcə Paolo Karlottiyə (İtaliya) 3:0, ardınca Bartoş Tomaşevskiyə (Polşa) 2:0 hesabı ilə qalib gələrək finala çıxıb.
Həlledici görüşdə Yusif Tktoka (İsrail) 1:2 uduzan Zeynalov, gümüş medalla kifayətlənib. Burada F.Zeynalovun aldığı xəbərdarlıq da qızıl medalın qazanılmasına mane olub.
Xatırladaq ki, Fuad Zeynalov daha əvvəl 2024-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilmiş Avropa çempionatında bürünc medal qazanmışdı. O, bu ilin may ayında isə Türkiyənin Antalya şəhərində Dünya Kubokunun həm "Layt kontakt", həm də "Kik layt" versiyalarının qalibi olmuşdu.
Qeyd edək ki, Skopyedə Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovniki və Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov da 63 kq-da "Layt kontakt" və "Kik layt" versiyaları üzrə Avropa çempionu olub.