"Qalib gəldiyimiz oyunda belə iradlar qaçılmazdır" - Ayxan Abbasov

"Qalib gəldiyimiz oyunda belə iradlar qaçılmazdır" - Ayxan Abbasov
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqası çərçivəsində noyabrın 13-də Vaduts şəhərində keçirilən Lixtenşteyn (Liechtenstein) – Azərbaycan (0:1) oyunundan sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az-ın AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə Lixtenşteynə ezam olunan əməkdaşı xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Dünən dediyimiz kimi, rəqibin bizimlə ilk oyunda xal aldığını bilirdik və onların burada daha inamlı çıxış edəcəklərini gözləyirdik. Yenə eyni sistem, eyni sıx müdafiə ilə oynamaq və tez qol vurmaq istəyirdik. Əslində, erkən qol da vurduq, ilk dəqiqələrdə təhlükəli epizodlar yaratdıq, qapı dirəyindən qayıdan toplarımız oldu. İstər-istəməz futbolçularda bir qədər tələskənlik və qələbə qazanmaq həvəsi çox idi. Bu da bizə bir qədər mane olurdu, hücumlarımızı tam rahat şəkildə sonluqla tamamlaya bilmirdik. Lakin ən əsası, bu turnirdə qarşımıza qoyduğumuz məqsəd var idi: birinci yeri tutmaq istəyirdik. Növbəti mövsümlərdə D Liqası keçirilməsə belə, C Liqasına yüksəlmək bizim üçün çox vacib idi. Çempionatın belə gərgin və stresli getdiyi bir vaxtda milli komandaya köklənib bu oyunda qələbə qazandıqları üçün futbolçulara təşəkkür edirəm. Qarşıda Andorra ilə yoldaşlıq görüşümüz qalıb. Çalışacağıq ki, həmin matçda hər kəsə şans verək, çünki komandaya yeni cəlb olunan oyunçular da millinin ab-havasını hiss etməlidirlər. Hər oyundan sonra mütləq təhlillər aparılır. Düşünürəm ki, Litvadakı (Lietuva, Lithuania) görüşdə də qalib gəlməli idik. Komanda orada həqiqətən yaxşı çıxış etmişdi, real qol epizodlarımız var idi. Millinin oyunlarına nəzər salsaq, adətən rəqiblər bizdən üstün olduğu üçün oturulmuş müdafiəyə qarşı nadir hallarda oynayırıq. Məsələn, Litva ilə matçda oyun daha çox orta zonada keçirdi; həm onlar, həm də biz hücum edirdik. Sıx müdafiəni yarmaq üçün istədiyimiz həmlələri etsək də, son ötürmələr və son zərbələr çatışmadı. Bunu daha çox futbolçulardakı psixoloji gərginliklə əlaqələndirirəm. Hər bir işdə xeyir var. Turnir başlamazdan əvvəl hədəfimiz qrupda birinci yeri tutub C Liqasına vəsiqə qazanmaq idi. Pley-off mərhələsi isə sonradan yaranan bir məsələ və qismətdir. Mart ayında FIFA (Fédération Internationale de Football Association) Series turnirinə başlayarkən komandaya demişdim ki, bu il uduzmamağa çalışaq, çünki rəqiblərin səviyyəsi bizə uyğundur. Təəssüf ki, təkcə Maltaya məğlub olduq. Sevindirici haldır ki, bu gün meydandan məğlubiyyətlə ayrılmadıq. Ehtiyat skamyamızda kifayət qədər yaxşı futbolçularımız var idi. Sadəcə, Rüfət Abdullazadəni meydana buraxdıqdan sonra planlaşdırdığımız hücumların başladığını gördük və bir az gözləməyə qərar verdik. Çünki oyuna sonradan daxil olan futbolçunun ritmə necə uyğunlaşacağı hər zaman sual doğurur. Daha sonra həm Rüfətin, həm də Toralın yorulduğunu nəzərə alaraq meydana Xəyal və Telluru daxil etdik. Oyun əsasən rəqib meydançasında keçirdi və bizə kəsərli zərbələr lazım idi. Toralın yaxşı zərbələri, Rüfətin isə kəsərli cinah asmaları olduğu üçün onları tez əvəzləmək istəmədik. Bütün addımlar sırf bu amillərlə bağlı idi. Bu gün oyun planımızın əsasını rəqib meydançasında edilən pressinq təşkil edirdi. Topu itirdikdən sonra dərhal geri almağı hədəfləmişdik və futbolçular bunu demək olar ki, tam yerinə yetirdilər. Matçın sonuna yaxın qapımıza yalnız bir zərbə vuruldu. Rəqibin təhlükəli əks-hücumlarının, xüsusən də ilk hissədə çox sürətli təsir bağışlayan 7 nömrəli futbolçunun qarşısını almaq tapşırılmışdı. Lixtenşteynin evdə Litvaya qarşı necə mübarizə apardığını bilirdik; onların əsas məqsədi qol buraxmamaq idi. Buna görə də ilk dəqiqələrdən onların müdafiəsini yarmağa və erkən qol vurmağa çalışdıq. Matçın videogörüntüsünü izlədikdən sonra analizlərimiz və iradlarımız olacaq. Qalib gəldiyimiz oyunda belə iradlar qaçılmazdır. Məsələn, evdə Litvaya qalib gəldiyimiz matçın təhlili iki gün çəkdi; çoxlu səhvlərimiz var idi. Hətta həmin görüşdə zəif çıxış etdiyinə görə bu toplanışa dəvət edilməyən futbolçular oldu. İstəyirik ki, milli komandada sağlam rəqabət, istək və yüksək məsuliyyət hissi olsun. Qarşılaşmanı yenidən izlədikdən sonra iradlarımızı bildirəcəyik və əsas iradlarımız hücumları dəqiq zərbə ilə tamamlaya bilməməyimizlə bağlı olacaq. Emil Balayevin sarı vərəqə epizoduna gəlincə, düşünmürəm ki, o vəziyyətdə xəbərdarlıq düşürdü. Hakimin bəzi qərarları anlaşılan deyildi. Əslində qaydalara əsasən, topu oyuna daxil etmək üçün müəyyən saniyələr sayılmalıdır. Oyunun sonudur, 96-cı dəqiqədə qapıçıya tələsməyi tələb edə bilmərik. Bu, oyunun gedişatına uyğun olaraq futbolçunun daxilindən gələn təbii bir hissdir".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər