Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasovun Andorra yığması ilə keçiriləcək yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı keçirib.
Fanat.Az-ın AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə Andorraya ezam olunan əməkdaşı xəbər verir ki, təcrübəli mütəxəssis belə danışıb:
"Bilirsiniz, bu, ilin son oyunudur. Əlbəttə, stresli oyundan sonra yoldaşlıq görüşüdür. Andorra son illərdə inkişaf edən komandalardandır. Həqiqətən, baxanda baş məşqçisi neçə illərdir, səhv eləmirəmsə, 16 ildir komandada çalışır. Öz dəst-xətti olan milli komandadır. Biz sabah matça rotasiyalı heyətlə çıxacağıq. Bura gətirdiyimiz futbolçuların hər birinə şans vermək istəyirik. Ən önəmlisi isə gəncləri qazanmaq istəyirik. Çünki hər dəfə qeyd edirik ki, heyətimiz geniş deyil, say azdır. Amma bu gün gənclərimiz oynayır. O gəncləri milli komandaya qazandırmaq üçün ən yaxşı vaxtdır. Hansısa oyunlarda yükü öz üzərlərinə götürməlidirlər. Məncə, o oyunlardan biri də sabahdır. Dediyimiz kimi, inşallah, qalib gəlmək istəyəcəyik. İlin son oyununu yaxşı notlarla bitirmək istəyirik. Eminin millidə vida oyunudur. Yorğunluq olsa da, bunların hamısı ikinci plana keçəcək və sabah maksimum nəticə əldə etməyə çalışacağıq".
– Emin oynayanda, əsas heyətdə olanda penaltiləri yerinə yetirən birinci futbolçu idi. Sabah penalti olarsa, onu kim yerinə yetirəcək?
"Emin oynayanda, yəni əsas heyətdə olanda birinci penalti vuranımız idi. Ondan sonra Toral gəlirdi. Amma əlbəttə, Emin meydançadadırsa, deməli, penaltini Emin yerinə yetirəcək".
– Son məşqdə futbolçulardan birinin səhhətində problem yarandığı və məşqdən kənarda qaldığı məlum oldu. Onun vəziyyəti necədir və problem nədən ibarətdir?
"Bir az soyuqdəyməsi var. Milli komandaya gəlməmişdən əvvəl dişini müalicə etdirib. Təəssüf ki, onda soyuqdəymə olub. Vəziyyəti bir az yaxşı deyil. Risk edə bilmərik. Həkimlər də məsləhət görmədi və sabah bizimlə olmayacaq".
– Sabah heyətdə nə qədər rotasiya gözlənilir?
"Demək olar ki, iki oyunçudan başqa hamı dəyişiləcək".
– Sabah debüt etməyən futbolçu olmayacaq?
"Hamı debüt edəcək".
Qeyd edək ki, sabah keçiriləcək Andorra – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
Fanat.Az