Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudov Andorra yığması ilə keçiriləcək yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Fanat.Az-ın AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə Andorraya ezam olunan əməkdaşı xəbər verir ki, təcrübəli futbolçu sonuncu oyunu barədə fikirlərini səsləndirib:
"Əslində, mənim üçün bir az həyəcanlı oyun olacaq. Çünki sonuncu oyunum olacaq. Amma yenə də həmişəki kimi, bundan əvvəl də dediyim kimi, biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Bizim üçün çox vacibdir ki, yaxşı oyun göstərək və qələbə qazanaq. Sonuncu oyunumda da çalışacağam ki, yaxşı çıxış edim və yaddaşlarda yaxşı qalım".
– Emin, milli komandanın forması ilə ilk mətbuat konfransında iştirak etdiyin vaxtı xatırlayırsanmı? Hansı oyun ərəfəsində idi? Bu gün isə sonuncu mətbuat konfransındır.
"Vallah, ilkini xatırlamıram. Çünki bir ara hər mətbuat konfransına mən gəlirdim. Ona görə də birincinin hansı olduğunu yadımda saxlamamışam".
– Milli komandada yarımmüdafiəçi olsan da, çoxlu qol vurmusan və millinin bombardirisən. Milli komandadakı karyeranda ən çox yadda qalan qolun hansıdır?
"Ən yadda qalan İsveçə vurduğum qoldur. İrlandiyaya vurduğum qolu da xatırlayıram. Çünki möhtəşəm stadionda olmuşdu. Bir də Lüksemburqa cərimə zərbəsindən vurduğum qol yadda qalıb".
– Emin, milli komandada keçirdiyin illərə görə sənə təşəkkürümüzü bildiririk. Amma sanki bu qərar bir qədər tələsik verildi. Bir çox azarkeş istəyirdi ki, milli komandanın bombardiri məhz Bakıda keçirilən oyunda yola salınsın. Özün bu barədə düşünmüşdünmü? Qərarını necə dəyərləndirirsən?
"Təşəkkürümü bildirirəm. Amma bilirsiniz, bu, milli komandadır. Biz burada bilmirik ki, növbəti ev oyunu nə vaxt olacaq. Ona görə də çox gözləmək istəmirdim. Yaxşı fikirləşdim, evdəkilərlə, dostlarımla və baş məşqçi ilə danışdım. Belə qərara gəldim ki, indi bitirmək daha yaxşıdır. Nəinki gözləmək. Bilmirəm, martda ev oyunu olacaq, yoxsa olmayacaq. Ona görə də vaxt itirmək, çox gözləmək istəmirdim".
– Milli komandadakı karyeranı bitirirsən. Bəs ümumiyyətlə, futbolçu karyeranı, məsələn, “Neftçi”də nə vaxt başa vurmağı düşünürsən?
"Təxmin deyə bilmirəm. Əsas məqsədim indi millidən sonra “Neftçi” ilə çempion olmaqdır. İnşallah, çalışacağıq, bunun üçün vuruşacağıq. Hazırda əsas məqsədim “Neftçi” ilə çempion olmaqdır".
– Emin, sabah fürsət düşsə, milli komandada 17-ci qolunu vurmaq barədə düşünürsən?
– Əslində, hər oyunda qol vurmaq fikrimdə olur. Həmişə bunun üçün çalışıram, işləyirəm. Hər gün məşqlərdən sonra da bəzən qalıram, imkan olanda zərbələr üzərində işləyirəm. Əlbəttə, hər dəfə qol vurmaq istəyirəm. Amma birinci növbədə həmişə düşünmüşəm ki, qələbə daha vacibdir".
Qeyd edək ki, sabah keçiriləcək Andorra – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
Fanat.Az