Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Andorra yığması ilə keçiriləcək yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Fanat.Az-ın AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə Andorraya ezam olunan əməkdaşı xəbər verir ki, təcrübəli mütəxəssis milli komandadakı son oyununa çıxacaq kapitan Emin Mahmudov barədə fikirlərini bölüşüb:
"Eminə gələcək həyatında uğurlar arzulayıram. Bayaq iclasda da dedim ki, milli komandada çox futbolçu oynayıb, amma milli komandada iz qoyub getmək çox çətindir. Emin bizim milli komandada iz qoyub gedən futbolçulardandır. Çünki bilirsiniz ki, millinin bir çox qələbəsində Eminin rolu var. Qollar vurub və digər məsələlərdə komandaya kömək edib. Ona görə də bizim üçün çox xoş oldu.
Bir məşqçi olaraq həmişə Emini bəyənmişəm. Çünki klubda bir yerdə çalışmamışdıq, amma qismət oldu, millidə çalışdıq. Burada da qələbələr oldu, məğlubiyyətlər oldu. Emin komandamızın kapitanı idi və mənim üçün də onunla işləmək çox xoş oldu. Eminə uğurlar arzulayıram. Emin hələ tam karyerasını bitirmir. Yəqin ki, inşallah, öz klubunda, öz azarkeşləri qarşısında vida matçını keçirər. Bu, tam vida oyunu deyil, millidə vida oyunudur. Sabah biz Emin üçün oynayacağıq."
Qeyd edək ki, sabah keçiriləcək Andorra – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
Fanat.Az