AFFA-nın baş katibi Cahangir Fərəcullayev Azərbaycan millisinin Andorra yığmasına qarşı ilə bu gün keçirəcəyi yoldaşlıq oyunundan öncə baş məşqçi Ayxan Abbasovla birlikdə "Misli"nin dəstəyi ilə ölkə xaricinə ezam olunmuş jurnalistlərlə masa arxasında söhbətləşib.
O, Fanat.Az-ın əməkdaşının da qatıldığı görüşdə UEFA D Liqasının 2-ci qrupundakı son matçında Lixtenşteyni 1:0 hesabı ilə məğlub edərək mübarizəni lider mövqeyində bitirən seçməmizin tsikldən əvvəl zəif rəqiblərlə üz-üzə gəlməsi ilə bağlı sualı cavablandırıb:
"Statistika baxımından biz ən yuxarılardayıq. Yəni sadəcə bir oyunda uduzduq. Hə, deyə bilərsiniz ki, rəqiblər kim idi? Lixtenşteyn, San-Marino, Malta, Andorra... Amma bu, belə deyildi... Federasiya mükafat xatirinə heç nə etmir. Adətən "Premiya" federasiyanın büdcəsindən gedir. Yəni guya biz başqa etmək istədiyimiz şeyləri etmirik, "premiya" veririk. Amma belə deyil. Məqsəd nə idi? Məqsəd düşdüyümüz D Liqasına liqasına yaxşı hazırlaşmaq idi. Rəqibləri də ona uyğun seçirdik. Planlaşdırılmış, düşünülmüş addım idi. Yalnız Maltanı çıxmaq şərtilə, digər komandaları da üstələmişik. Lixtenşteynlə ev oyunu, türklər demişkən, bir qəza idi, geridə qoyduq. Hə, Litva ilə də səfər matçında bərabərlik qeydə alındı. Qalanı, dediyim kimi, düşünülmüş idi və hesab edirəm ki, düzgün addım idi. Çünki bu, D Liqasının oyunlarına yaxşı hazırlaşmağa, yekunda qrupdakı mübarizəni lider mövqeyində bitirməyimizə şərait yaratdı".
Qrum rəsmisi Azərbaycan yığmasının praqmatik futbola üstünlük verəcəyini vurğulayıb: Komandanın oyunu haqqında heç nə demək istəmirəm. Niyə? O yazılar ki var, nə bilim, “qorxu futbolu”, “komanda çəkinir”, "komanda hesabı qoruyur" və sairə... Biz əlimizdə olan materialla buna imkan verir. Hücum baxımından, oyunçular baxımından əziyyət çəkirik. Keyfiyyət azdır, aşağıdır. Və biz nəyə üstünlük veririk? Praqmatik futbola. Azərbaycan millisi növbəti illərdə də praqmatik futbol oynayacaq. Qarşımıza Lixtenşteyn, San-Marino çıxırsa, bizim üçün əsas olan qalib gəlməkdir. Lixtenşteyn sonuncu dəfə nə vaxt 4-5 qol buraxıb? Yadımda deyil... Əksinə, bütün bu komandalar, cırtdan dövlətlər, kiçik yığmalar da inkişaf edir. Onlar müəyyən sistem qururlar".
C.Fərəcullayev Andorranın U-15 seçməsi ilə ölkəmizin uyğun yaş qrupu üzrə yığmasının oyununda gördüklərini yada salıb: "Bir misal gətirim, Andorranın U-15 millisi ilə oynayırdıq və U-15-in uşaqları sanki əsas milli, yəni Andorra milli komandası üslubunda oynayırdılar. Rövşən müəllimlə (AFFA prezidenti Rövşən Nəcəfi nəzərdə tutur -red.) yanaşı əyləşmişdik. Məndən soruşdular: “Bunlar əvvəldən belə müdafiə futbolunu seçirlər?” Cavabında dedim: “Hə, çünki bu onların fəlsəfəsidir. Onlar uşaqlıqdan bunu öyrənirlər: müdafiəyə çəkilməyi, müdafiə futbolu oynamağı. Yəni 15 yaşlı uşaq bunu necə etmək lazım olduğunu öncədən öyrənir və gələcəkdə əsas millidə tətbiq edir.
Biz öyrəşməmişik, doğrudan da öyrəşməmişik. Rəqib qapananda, belə desək, avtobus quranda, onlara qarşı istədiyimiz kimi oynamağa öyrəşməmişik. Çünki çox vaxt autsayder biz olmuşuq. Zəif biz olmuşuq. Bu dəyişəcəkmi? Bəli, planımız var, biz bunun üzərində işləyirik.
Amma demək istədiyim nədir? Biz praqmatik futbol oynayacağıq. Kimsəni sındırmaq, öldürmək, kiməsə yerini göstərmək üçün yox. Bizim yerimiz futbol statistikası baxımından da, futboldakı mövqeyimiz baxımından da hamıya bəllidir. D Liqasında oynayırıqsa, deməli, zəifik. Yəni ayaqlarımızı yerə bərk basmalıyıq, dibə gəlmişik. O dibdən çıxmaq lazımdır. Sıçrayışla alınmır, bu futboldur. Hamı futbol oynamağı öyrənib".
Baş katib Millətlər Liqasındakı format dəyişikliyinə də toxunub: "Həmin bu Lixtenşteyn UEFA Seriyasında biz Bakıda oynayanda, Tanzaniyada oynayıb. Tanzaniya orta səviyyəli, Afrika komandasıdır. İndi o böyük fərq, demək olar ki, yoxdur. San-Marino millisi C Liqasındadır. Hə, Millətlər Liqasında format dəyişikliyi olmasaydı, D Liqasına qayıdacaqdılar. Amma C Liqasında sonuncu olsalar belə, orada olmaq onlar üçün nailiyyətdir. Ona görə yuxarıdan aşağı heç kəsə baxmırıq. Biz öz yerimizi bilirik, əldə olan "material" bizə müəyyən nəticələri əldə etməyə imkan verir. Mən hesab edirəm ki, maksimumu qazanmışıq. Litva zəif rəqib deyildi. Yəni bizimlə təxminən eyni səviyyədə olan yığmadır. Hətta onların bəzi oyunçuları kifayət qədər güclü klublarda oynayırdılar. Ona görə yenə də deyirəm, bu nəticəni biz uğur sayırıq, çünki qoyulan hədəfə çatmışıq.
Yəni format dəyişməsi bizim problemimiz deyil. Biz başdan dedik ki, bu, yoldaşlıq oyunu deyil, rəsmidir və biz burada nəyə qadir olduğumuzu sübut etməliyik. Ən sevindirici məqam budur ki, milli komanda ilk dəfə olaraq nəinki birinci yer tutdu, federasiyaya pul da qazandırdı. Bu, tarixdə olmayan bir şeydir. Qürur duyuram. Hə, birinci yer tutduq və hesab edirəm ki, növbəti il biz C Liqasında oynayanda, növbəti mövsümdə hədəfimiz hansısa yer olmayacaq. Vəziyyətdən asılı olaraq, hər rəqibə qarşı seçdiyimiz taktika ilə qalib gəlməyə və ya heç-heçə etməyə çalışacağıq. Təxminən belə...
Yenə də oyuna qayıtsaq, hə, axırda da, nə bilim, Emil Balayevin son dəqiqələrdə "sarı" alması üzücü haldır. Nə bilim, Mahirin, misal üçün, künc bayrağı ətrafında fırlanmağı üzür bizi. Amma hansı prizmadan baxanda? Biz çox üstünük, biz çox, nə bilim, əzməliyik, vurmalıyıq, dağıtmalıyıq mövqeyindən baxsaq, belədir Amma praqmatik yanaşsaq, bizə nə lazım idi? Qələbə. Qələbəni də qazandıq. Baxışımız belədir".
Cahangir bəy daha artığını istəyən azarkeşlərlə işləməyin vacibliyini də dilə gətirib: "Azarkeşlərlə biz işləməliyik. Yəni biz futbolda nə Braziliyayıq, nə də Xorvatiya... Bizim məqsədimiz o dibdən, hara düşmüşüksə, oradan yavaş-yavaş çıxmaqdır. Problemlərimiz çoxdur, oyunçu keyfiyyəti istənilən səviyyədə deyil, seçimimiz məhduddur.
Yəni inandırım sizi, mən dünən bir qədər Macarıstan–Gürcüstan oyununa baxdım. Onların, misal üçün, bizdən fərqi var. Amma Xviça Kvaratsxeliya zədə səbəbindən oynamadığı üçün Macarıstan onları öz yürlərində əzib keçdi. Bizdə hazırda bir nəfər hamıdan üstündür, bu da Mahirdir. Bir az fərqli mühitdə oynayır, Avropanı görür və daim yaxşı formadadır. Bir tək Mahirin olması bizi üstün edir. Yəni Mahir olmasaydı, səmimi deyim, Lixtenşteyn olmasa da, Litvadan həqiqətən geri qala bilərdik".
Əli Sahib