Azərbaycan millisi bu gün Andorra ilə yoxlama oyununa çıxacaq.
Yığmamızın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb matçla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Yeni simaları, yəni gənc futbolçuları gələcək illərdə tanımaq baxımından onları sınaqdan keçirmək çox yaxşı fürsətdir.
Nəzərə alsaq ki, komandamız son beş oyunda məğlubiyyətsiz seriyasını davam etdirir, bu müddətdə üç qələbə qazanıb və iki dəfə heç-heçə edib, bu seriyanın davamını görmək istərdik. Andorra ilə şəxsi oyunların statistikasına nəzər saldıqda görürük ki, rəqib qapalı futbol oynayan komandadır və ona qarşı qol yolu tapmaqda çətinlik çəkirik. Oyunların əksəriyyəti də heç-heçə ilə başa çatır. Bildiyiniz kimi, Emin Mahmudov millidə sonuncu oyununa çıxacaq. Komandanın motivasiyası da yüksəkdir. Arzu edirik ki, futbolçular Emin Mahmudovu qələbə ilə milli komandadan yola salsınlar. Bundan başqa, yeni və gənc futbolçuların heyətdə yer alması da motivasiyanı bir qədər artıracaq.
Rəqibə gəldikdə isə düşünürəm ki, bu oyun Lixtenşteynlə qarşılaşmanın davamı olacaq. Andorra da qapalı müdafiə qurmağa çalışacaq və əsasən əks-hücumlara ümid bəsləyəcək. Belə olan halda komandamız qol epizodları yaratmağa çalışacağıq. Bunun üçün cinahlardan, uzaq məsafədən zərbələrdən və standart vəziyyətlərdən istifadə etmək lazımdır.
Baş məşqçinin də dəfələrlə qeyd etdiyi kimi, belə oyunlarda komandada tələskənlik yaranır. Arzu edərdik ki, bu dəfə belə olmasın. Komanda öz oyununa sadiq qalaraq müsbət nəticə əldə etmək üçün əlindən gələni etməlidir.
Bir sözlə, səbirli oyun, topa nəzarət, rəqibin oyun tempini aşağı salmaq və fiziki mübarizəni artırmaq vacib olacaq. Tələskənliyə yol vermədən topa nəzarət etmək və boşluqlardan istifadə etmək lazımdır. Belə oyunlarda rəqibin əks-hücumlarına qarşı da çox diqqətli olmaq vacibdir. Çünki hücuma böyük qüvvə ilə atılarkən müdafiə xəttində boşluqlar buraxmamaq şərtdir. Düşünürəm ki, Andorranın qol vurmaq ümidləri əsasən standart vəziyyətlərdən və rəqibin səhvlərindən yararlanmaqla bağlı olacaq. Komandamız buna da hazır olmalıdır".
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
Əlisahib İbrahimli