"Real Madrid" İngiltərənin "Mançester Siti" klubunda çıxış edən Erlinq Holandın transferi ilə bağlı gözlənilməz fürsətin yaranacağına inanır.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres norveçli hücumçunun 2027-ci ildə komandaya qoşulacağına getdikcə daha çox ümid bəsləyir.
İnformasiyanı "FootballTransfers" yayıb.
Buna səbəb "Mançester Siti"nin maliyyə qaydalarının pozulması ilə bağlı davam edən hüquqi prosesdir. İngiltərə klubunun apellyasiya şikayətinin təmin olunmaması və mümkün sanksiyalarla üzləşməsi halında bir sıra futbolçuların komandadan azad agent kimi ayrılmaq imkanının yarana biləcəyi iddia olunur.
Jurnalist Nik Harrisin məlumatına görə, "Mançester Siti"nin bəzi futbolçularının nümayəndələri belə bir ssenariyə hazırlaşır. Holand da bu futbolçular arasında göstərilir.
Qeyd edək ki, Erlinq Holandın "Mançester Siti" ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. Hazırda onun "Real Madrid"ə keçidi ilə bağlı rəsmi danışıqların aparıldığına dair məlumat yoxdur.
Əlisahib İbrahimli