AKOF-un baş katibi Fərid Xəlilov ABŞ-də idman idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparıb

AKOF-un baş katibi Fərid Xəlilov ABŞ-də idman idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparıb

Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) baş katibi Fərid Xəlilov ABŞ-də işgüzar səfərdə olub.

Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti yayıb.

Səfərin əsas məqsədi idman sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, idman idarəçiliyi üzrə müasir yanaşmalarla tanışlıq və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Kolorado-Sprinqsdə baş tutan görüşdə F.Xəlilov şəhər Şurasının 6-cı dairə üzrə üzvü Roland Reyni (Roland Rainey) ilə bir araya gəlib. Tərəflər idmanın inkişafı, gənclərin bu sahəyə cəlb olunması, idman təşkilatlarının idarə edilməsi və peşəkar strukturların fəaliyyəti istiqamətində təcrübə mübadiləsi aparıblar. Futbol sahəsində geniş təcrübəyə malik R.Reyni idman təşkilatlarının yaradılması, gənclərin inkişafının dəstəklənməsi və idmanın təşviqi istiqamətində gördüyü işlər barədə məlumat verib.

Vaşinqtonda isə AKOF rəsmisi ABŞ Kamandan Oxatma Federasiyasının ("USA Archery") icraçı direktoru Meri Emmons (Mary Emmons) ilə görüşüb. Müzakirələr zamanı kamandan oxatma idman növünün inkişaf perspektivləri, idmançıların hazırlıq sistemi, məşq prosesinin təşkili, müasir infrastruktur imkanları və qarşılıqlı təcrübə mübadiləsi diqqət mərkəzində olub. Həmçinin iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Bu səfər federasiyanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, ABŞ-ın idman və oxatma sahəsindəki təcrübəsinin öyrənilməsi, eləcə də qabaqcıl yanaşmaların ölkədə tətbiqi imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, səfər ABŞ Konqres Kitabxanası tərəfindən dəstəklənən və ABŞ-nin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən "Open World" proqramının "İdman vasitəsilə iqtisadi inkişaf" (Economic Development through Sports) layihəsi çərçivəsində təşkil olunub. Proqramda Azərbaycan Güləş Federasiyası ilə yanaşı, Azərbaycan Su İdmanı Növləri Federasiyası, Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Oxatma Federasiyası və Azərbaycan Minifutbol Federasiyasının rəhbər şəxsləri də iştirak ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər