Futbolda bərabərlik və inklüzivlik - cinsindən, irqindən, dilindən, dinindən, fiziki və ya əqli imkanlarından asılı olmayaraq, hər kəsin futbol mühitinə bərabər hüquqlarla qoşulması və ayrı-seçkiliyə məruz qalmaması prinsipidir. Bu prinsip xüsusilə fiziki və ya əqli məhdudiyyətləri olan şəxslərin cəmiyyətə inteqrasiyası, onlarda özünəinamn artırılması, sosial həyatın bir parçasına çevrilməsi üçün vacib əhəmiyyət daşıyır.
Fanat.Az xəbər verir ki, “Kəpəz” Peşəkar Futbol Klubu uzun illər əvvəl yaranan adət-ənənəyə sadiq qalaraq, növbəti dəfə cəmiyyətin ən həssas təbəqəsinə aid olan uşaqlar və yeniyetmələrlə görüş təşkil edib.
“Məktəbim UAFA Gəncə” təşkilatının yetirmələri “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasında qonaq olublar. Görüşdə “Kəpəz” PFK-nın məşqçi və futbolçu heyəti, rəsmi şəxsləri iştirak ediblər. Qonaqları səmimi salamlayan əsas komandanın baş məşqçisi Azər Məmmədov onların gəlişinə şad olduqlarını bildirib: “Bugünkü tədbir həyatımın ən yaxşı, ən yaddaqalan görüşlərindən biridir. Bildirmək istəyirəm ki, siz – gül balalar bizlərdən birisiniz, cəmiyyətimizin layiqli övladlarısınız. “Kəpəz” klubu olaraq, daima sizləri dəstəkləriyik. Sizə diqqət və qayğı göstərmək hamı kimi bizim də borcumuzdur. Sizi məmnuniyyətlə “Kəpəz”in ev oyunlarına dəvət edirik, sizin kimi azarkeşləri tribunalarda görməyə şad olarıq”.
“Kəpəz”in futbolçuları və rəsmi şəxsləri də uşaqlara ürək sözlərini çatdırıblar. Öz növbəsində “Məktəbim UAFA Gəncə” təşkilatının rəhbəri Rəzalə Abbasova dəvətə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, belə görüşlərdən sonra fiziki və əqli məhdudiyyətli uşaqlar çox pozitiv olurlar və özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edirlər.
Daha sonra uşaqlar “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyası ilə tanış olublar, Gəncə şəhər stadionuna baş çəkiblər. Futbolçularla, məşqçilərlə şəkillər çəkdirən qonaqlar, həmçinin nahar zamanı müxtəlif təamların dadına baxıblar. Səmərəli və maraqlı vaxt keçirən “Məktəbim UAFA Gəncə” təşkilatının yetirmələri “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasından şən əhval-ruhiyyədə ayrılıblar.