1-ci Liqanın 4-cü turu çərçivəsində dünən "Səbail"in qonağı olan "Karvan-Yevlax" evə 1:1 hesablı bərabərliklə qayıtdı. Yevlax təmsilçisinin müdafiəçisi Xəyal Muradovla əlaqə saxlayıb heç-heçəni uğurlu nəticə sayıb-saymadığını və öz oyunundan nə dərəcədə razı qaldığını soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Səbail"lə səfər oyununda qeydə alınan 1:1 hesablı heç-heçəni ümumilikdə müsbət nəticə kimi qiymətləndirirəm. Səfərdə oynamaq hər zaman çətin olur və belə oyunlarda qazanılan hər xalın əhəmiyyəti var. Təbii ki, bu oyuna da qələbə, məqsədi ilə çıxmışdıq. Təəssüf ki, yaratdığımız qol epizodlarından lazımınca yararlana bilmədik və istəyimizə çatmadıq. Buna baxmayaraq, 1 xal da bizim üçün önəmlidir. Şəxsi oyunuma gəlincə, meydanda komandama maksimum fayda verməyə və üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdım. Əlbəttə, hər zaman daha yaxşısını etmək mümkündür və bunun üçün çalışıram. Əsas odur ki, komanda olaraq mübarizəmizi davam etdirək, səhvlərimizdən nəticə çıxaraq və qarşıdakı oyunlarda daha yaxşı performansla yadda qalaq. İnanıram ki, qarşıdakı matçlarda daha uğurlu nəticələrlə azarkeşlərimizi sevindirəcəyik".
Nihat