“Çelsi” “Palmeyras”ın gənc istedadı Eduardo Konseysaunun transferi uğrunda mübarizədə “Mançester Yunayted” və “Barselona”nı qabaqlayır.
Fanat.Az xəbər verir ki, informasiyanı “CaughtOffside” yayıb.
Məlumata görə, London klubu 16 yaşlı braziliyalı futbolçu ilə bağlı “Palmeyras”la bir neçə dəfə əlaqə saxlayıb və onun gələcək transferində favorit mövqeyinə keçmək istəyir.
Konseysau hələ “Palmeyras”ın əsas komandasında debüt etməyib. Buna baxmayaraq, onun çıxışı Avropanın bir sıra nəhəng klublarının diqqətini cəlb edib. “Mançester Yunayted”, “Barselona”, “Arsenal”, “Real Madrid”, “Bayern” və PSJ də futbolçunun vəziyyətini izləyir.
“Çelsi”nin üstünlüyü isə “Palmeyras”la münasibətlərinin yaxşı olmasıdır. London klubu daha əvvəl braziliyalı Estevao Villianın transferini də bu klubdan həyata keçirib.
“Palmeyras”ın Eduardo Konseysau üçün təxminən 100 milyon avro tələb edə biləcəyi bildirilir. Lakin tərəflər arasında danışıqlar zamanı bu məbləğin aşağı salınması mümkündür.
Futbolçu 18 yaşına yalnız 2027-ci ilin dekabrında çatacaq. Bu səbəbdən onun Avropaya mümkün transferinin 2028-ci ilin yanvarında baş tutacağı gözlənilir.
Konseysaunun oyun üslubu artıq braziliyalı əfsanə Neymarla müqayisə olunur.
Əlisahib İbrahimli