Kriştianu Ronaldu və Jorje Jezuş arasındakı böhrandan sonra Portuqaliya milli komandasını tərk edən ulduz futbolçunun anası Dolores Aveyru oğluna kifayət qədər dəyər verilmədiyini bildirib.
Fanat.Az xəbər verir ki, ulduz futbolçunun anası bu barədə "TV 7 Dias" kanalına danışıb.
Məlumata görə, 71 yaşlı Dolores Aveyru vəziyyətin bu cür cərəyan etməsindən kədərləndiyini ifadə edib. Oğlunun milli komandaya illər ərzində verdiyi böyük töhfələri vurğulayan Aveyru forvardın ayrılma tərzinin onları dərindən sarsıtdığını qeyd edərək deyib: "Kədərliyəm. Bu, böyük bir şok oldu. Oğlum başı dik şəkildə, qapıdan əzəmətlə çıxa bilərdi, amma o, arxa qapıdan çıxdı. Yenə də fərqi yoxdur".
Prosesin onda yaratdığı emosional təsiri bölüşən Aveyru göz yaşı tökdüyünü və artıq yeni səhifə açmağın vaxtının çatdığını əlavə edib. Ronaldunun ona "Ana, narahat olma. Hamımız bir yerdə olanda sənə həqiqəti söyləyəcəyəm" dediyini açıqlayan Aveyru oğluna dəstək olmağa çalışsa da, bunun hələlik kifayət etmədiyini bildirib. Portuqaliyalı ulduzun ölkəsi üçün həyati əhəmiyyətli bir şəxsiyyət olduğunu vurğulayan Dolores ona qarşı göstərilən münasibətlə bağlı narazılığını belə ifadə edib: “O, Portuqaliyaya çox şey verib. Buna görə də Ronaldu həmişə bizimlə olacaq. Kriştianu Portuqaliyanın qəhrəmanı olub. Ona layiq olduğu dəyəri vermirlər. Onlar Kriştianunun qədrini bilmirlər”.
Əlisahib İbrahimli