Azərbaycan Premyer Liqasının 7-ci turunun mərkəzi oyununda “Neftçi” doğma azarkeşləri önündə “Sabah”ı qonaq etdi.
Bəribaşdan vurğulayım ki, derbidə qalib olmasa da, qazanan Azərbaycan futbolu oldu. Çəkişməli, intriqalı, liderlərə xas keyfiyyətli oyun hər kəsin zövqünü oxşadı...
Maraqla gözlənilən derbinin start fiti səsləniləndə hər iki tərəfin tamaşaçıları da bir ağızdan komandalarını müəyyən şüarlarla dəstəkləməyə başladılar. Üstəlik, tərəflər meydana daxil olarkən “ağ-qaralar”ın azarkeşləri komandalarını hazırladıqları xoreoqrafiya ilə qarşıladılar. Üzərində “atadan oğula keçən ənənə” sözləri əks olunmuşdu. Təbii ki, dolu tribunada bu görüntü daha təsirli alındı. Yeri gəlmişkən, oyunu 7 mindən çox tamaşaçı tribunadan canlı izləyirdi.
“Sabah” bir neçə gün sonra UEFA Çempionlar Liqasında "Slaviya" ilə keçirəcəyi matçı nəzərə alaraq, bəzi oyunçularının xidmətindən yetərli qədər istifadə edə bilmədi. Bu baxımdan Umarali Raxmonaliyev, Coy Lens Mikels, Aleksey İsayev və Kahim Parrisin adını çəkə bilərəm.
Qarşılıqlı hücumlarla başlanan görüşün ilk hissəsində hər iki tərəfin çoxlu qol epizodları olsa da, qol səsi də çıxmadı. Gah futbolçuların son andakı qeyri-dəqiqliyi, gah da qapıçıların seyvləri hesabın açılmasına imkan vermədi. Bu mənada "Sabah"ın qolkiperi Stas Pokatilova daha çox alqış düşür. O cümlədən, “Sabah”ın futbolçusu Timoteuş Puxaç yenə fəallığı ilə yadda qaldı. Premyer Liqadakı fasilə dönəmində Polşa millisində çıxış etməyə imkan tapan sol cinah müdafiəçisi yan xəttə bütövlükdə nəzarət edə bildi. Bitmək bilməyən oyun ruhu və tükənməyən enerjisi ilə matça damğa vuran polşalı azarkeşlərin rəğbətini bu gün də doğrultdu...
İkinci yarıda da müdafiə futbolu yox, rəngarəng hücumlar izlədik. Hər iki tərəf qələbə istəyini aşkar büruzə verirdi. Həm də hiss olunurdu ki, milli komandanın oyunlarına görə yaranan fasilə komandaların bu matça yaxşı hazırlaşmalarına kifayət edib.
Beləliklə, dramatik keçən qarşılaşmada qol səsi çıxmadı. Son dəqiqələrdə “Neftçi” az qalsın bu səssizliyi poza bilərdi, lakin “çərçivə”yə düşə bilmədilər.
Bu matçı derbi adlandırırıq. Lakin "derbi" təyini mənim üçün yalnız eyni şəhərin iki komandası anlamında yox, həyəcan, gərginlik və baxımlı oyun da deməkdir. Azərbaycan futbolunda bu cür oyunların tez-tez olmasını arzulayırıq. Hətta oyunda bir anlıq yaşanan gərginlik belə, rəqabətin göstəricisidir. Düzdür, bu cür hadisələrin daha çox yaşanmamasının tərəfdarıyıq, lakin bəzən bu da intriqaya şərait yaradır. Bu cür maraqlı və baxımlı futbolu liqanın digər komandalarından, həmçinin gələn həftə baş tutacaq “Qarabağ” - “Neftçi” qarşılaşmasından da gözləyirik. Coşqulu oyun nümayiş etdirən və liqamızda keyfiyyəti daha da artıran komandalarımıza indidən uğurlar arzulayıram.
Əlisahib İbrahimli