"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda Bakıda "Barselona" (Barcelona) ilə üz-üzə gələcək. Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Sabah" öz oyununu nümayiş etdirməlidir. Gənc klubdur, hələ dünyada tanınmır. "Barselona" isə dünya nəhəngidir. Baxımlı futbol oynayırlar və topla nə etdiklərini yaxşı bilirlər. Azarkeşlərimiz "Sabah"a dəstək göstərməlidir. "Borussiya Dortmund"la (Borussia Dortmund) matçdakı oyun üslubunu ortaya qoymaq lazımdır. Bunu bacarsaq, "Barselona"ya qarşı da qol vəziyyətləri yaratmaq olar. Təbii ki, epizodlardan da doğru istifadə etmək lazımdır. Rəqibdən qorxmaq, çəkinmək lazım deyil. Həmçinin müdafiədə də çox vaxt keçirmək olmaz. Çünki belə olduqda qapımızda qol vəziyyətləri yarana bilər. "Barselona" rəqibi çox vaxt topsuz qoyur. Ona görə də çalışmaq lazımdır ki, "Barselona"nı topsuz qoyaq. Lamin Yamal (Lamine Yamal) gəlmir. Bu da müsbət haldır. Keyfiyyətli oyunçudur, qol vəziyyətləri yaradan ulduzdur. Komandamızın bu cür rəqibi Bakıya gətirməsi böyük hadisədir. "Sabah"a uğurlar arzulayıram".
Qeyd edək ki, "Sabah" - "Barselona" görüşü noyabrın 25-də keçiriləcək. Bakı Olimpiya Stadionunda (BOS) baş tutacaq görüşün start fiti saat 21:45-də səsləndiriləcək.
Əlisahib İbrahimli