İkinci Liqanın 12-ci turunda "Difai" ilə qarşılaşan "Marafon" böyük hesablı qələbəyə sevinib. Debütant səfər oyununda rəqibini 3:0 hesabı ilə yenərək liderin ən yaxın izləyicisi statusunu qoruyub.
Sabirabad komandasının baş məşqçisi Ceyhun Cavadovla əlaqə saxlayıb qələbəni şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk öncə rəqimiz "Difai" haqqında xoş sözlər sözyləmək istəyirəm. Gənc və perspektivli futbolçulardan qurulmuş komandadır. Heyətlərində yaxşı oyunçular var. Rəqibə uğurlar arzulayıram.
Oyunun gedisindən razı qaldım. Zaman-zaman əziyyət çəksək də, qarşılaşma istədiyimiz məcrada keçdi. Ümumilikdə oyuna nəzarət edən tərəf biz idik. Rəqibə təzyiq göstərib istədiyimiz qolları vurduq.
Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Artıq bu oyunu unudub növbəti tura hazırlaşırıq. "Zəngəzur"la çətin oyunumuz var, o matça köklənmişik. Zədəli və ya cəzalı futbolçumuz yoxdur, her şey qaydasındadır".
Qeyd edək ki, "Marafon" "Zəngəzur"la 29 noyabrda qarşılaşacaq. Sabirabadda baş tutacaq oyun saat 14:30-da start götürəcək.
Mirağa