"İkinci Liqadakı hakimlik çox bərbaddır"

"İkinci Liqadakı hakimlik çox bərbaddır"
İkinci Liqanın 12-ci turunda "Qaradağ Lökbatan"la qarşılaşan "Şirvan" "Qaradağ Lökbatan"la qarşılaşıb. Bölgə təmsilçisi liderə minimal hesabla (0:1) uduzub.
Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında prinsipial rəqibi ilə görüşü belə şərh edib:
"Oyunun ağır olacağını bilirdik. Həqiqətən də çətin oldu. "Qaradağ Lökbatan" həqiqətən yaxşı komandadır, əbəs yerə lider deyillər. Onları təbrik edirik.
Oyuna gəldikdə, yaxşı başlamadıq. Uşaqlar birinci hissədə öz oyununu tapa bilmədilər. İkinci hissədə yaxşı oynadıq. Düzdür, məğlub olduq, amma məni fasilədən sonrakı mübarizə əzmi qane etdi. Xoşlamıram ki, məğlubiyyəti kiminsə üstünə atım, hansısa yenilgiyə bəhanə axtarım, bunu özümə yaraşdırmıram. Amma tək özümüz üçün yox, ümumi mənada deyirəm ki, 2-ci liqadakı hakimlik çox bərbaddır. Bizim qapıya 11 metrlik olmadığı halda, verdi. Yaxşı ki, rəqib reallaşdıra bilmədi. Əvəzində oyunun sonunda rəqibin qapısına verilməli olan penaltini təyin etmədi. Açıq əllə oyuna göz yumdu. Bunlar hamısı bizim kimi komandalara təsir edirlər. Onsuz da problemlərimiz var, onlar da bir yandan çətinlik yaradır. Eybi yox, ruhdan düşmürük. Növbəti onlarda, inşallah, yaxşı mübarizə apararıq, qələbələr qazanarıq".
Qeyd edək ki, tərəflər arasında ilk dövrədəki matçda "Şirvan" "Qaradağ Lökbatan"a 3:2 hesabı ilə qalib gəlib.
Bölgə təmsilçisi növbəti oyununu "Hypers" komandasına qarşı keçirəcək. 13-cü turun görüşü 28 noyabrda səfərdə baş tutacaq. "Qaradağ Lökbatan" isə növbəti tur çərçivəsində ayın 29-da "Şəki"ni qəbul edəcək.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər