"Barselona"nın cəmi iki gün əvvəl keçirdiyi oyunu nəzərə alsaq..." - Vaqif Sadıqov

"Barselona"nın cəmi iki gün əvvəl keçirdiyi oyunu nəzərə alsaq..." -  Vaqif Sadıqov

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda Bakıda "Barselona"nı (Barcelona) qonaq edəcək. Azərbaycan millisinin sabiq çalışdırıcısı Vaqif Sadıqovla əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyan bir qarşılaşmadır. Hər iki komandanın rəsmi turnirlərdəki ilk dueli olacaq. Turnir vəziyyətinə toxunmaq istəmirəm. Sadəcə qeyd edim ki, bu gün "Sabah" üç xal əldə edib, "Barselona" isə doqquz xala sahibdir.

Ancaq bir məsələyə toxunmaq istəyirəm. "Sabah" son yerli çempionat oyununda, çox uğurlu və məzmunlu futbol nümayiş etdirərək qələbə qazanıb. "Barselona"nın isə cəmi iki gün əvvəl keçirdiyi oyunu və qət etdiyi uzaq yolu nəzərə alsaq, demək olar ki, sıx qrafik qonaqların oyun tempinə müəyyən qədər təsir göstərə bilər.
Oyun üslubundan çox danışmağa dəyməz. "Barselona" hər oyunda orta hesabla 65-70 faiz topa sahib olur və yüksək pressinqə üstünlük verir. "Sabah"ın isə əsas şansı sıx müdafiə olunmaq, sürətli əks-hücumlar zamanı səmərəli və kəsərli hücumlar təşkil etmək, yaranan imkanlardan maksimum istifadə etməkdir.
Ümumi göstəricilərə də nəzər salsaq, görərik ki, "Sabah" 1,3 milyard avroluq büdcəyə qarşı 19 milyon avroluq büdcəyə malik komanda ilə mübarizə aparır. Bütün bu rəqəmlərdən də göründüyü kimi, favorit "Barselona"dır. Ancaq yenə də qeyd edirəm ki, bu, sırf kağız üzərində belədir. Hesab edirəm ki, büdcədən asılı olmayaraq, "Sabah"ın futbolçuları bu oyunda özlərini ən yaxşı tərəfdən göstərmək şansı əldə edirlər. Ümumiyyətlə, hesab edirəm ki, bu, hər bir futbolçunun arzuladığı oyunlardan biridir. Belə qarşılaşmalarda, belə rəqiblərə qarşı özünü ən yaxşı tərəfdən göstərmək imkanı yaranır. "Sabah"ın baş məşqçisi Dambrauskasın (Valdas Dambrauskas) fikirləri ilə də tam razıyam. Bu oyundan hər birimiz - məşqçilər, futbolçular, rəhbərlik, azarkeşlər və futbol ictimaiyyəti zövq almalıyıq.
İnanıram ki, "Sabah" bu oyunda dünyanın ən nəhəng, bəlkə də bir nömrəli komandası olan "Barselona"ya qarşı üzüağ çıxmaq üçün əlindən gələni edəcək və rəqibin dominant futboluna intizamlı oyunla qarşılıq verərək sürpriz etməyə çalışacaq. Biz də bu oyunda son çempionumuza - "Sabah"a uğurlar arzulayırıq".
Qeyd edək ki, "Sabah" - "Barselona" görüşü noyabrın 25-də baş tutacaq. Bakı Olimpiya Stadionunda (BOS) reallaşacaq görüşün start fiti saat 21:45-də səsləndiriləcək.
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər