"Sabah"ın Çempionlar Liqasına görə hansısa rotasiyalar edəcəyini düşünmürəm" - Arif Əsədov

"Sabah"ın Çempionlar Liqasına görə hansısa rotasiyalar edəcəyini düşünmürəm" -  Arif Əsədov

Misli Premyer Liqasında 7-ci turun matçlarına start verilir. Bu gün "Neftçi" doğma meydanda "Sabah" ilə qarşılaşacaq.

Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bu gün bizi çox maraqlı bir oyun gözləyir. Son illərdə Azərbaycan futbolunda baş verən hadisələri və komandaların mövcud durumunu nəzərə alsaq, bu qarşılaşmanı derbi kimi adlandırmaq olar. Turnir cədvəlinə diqqət yetirsək, hazırda "Neftçi" birinci, "Sabah" isə ikinci yerdədir. Bu səbəbdən də oyunu böyük qarşılaşma kimi qiymətləndirmək mümkündür. Təbii ki, bu klubların yaşlarına nəzər salsaq, aralarında böyük fərq var. "Neftçi" qocaman klubumuz, flaqmanımız, "Sabah" isə yeni və gənc komandamızdır. Bu baxımdan nəticəni əvvəlcədən təxmin etmək çox çətindir. Lakin komandaların durumuna baxsaq, böyük fasilədən sonra hansı komandanın bu aradan daha yaxşı yararlandığını görmək maraqlı olacaq. Hər iki komandanın çoxlu sayda yerli və əcnəbi futbolçusu yığmaların heyətində yer alıb. Bu hal istər-istəməz oyunun keyfiyyətinə təsir göstərə bilər. Amma hesab edirəm ki, oyunun intriqası və prinsipiallığı öz yerində olacaq. "Sabah"ın Çempionlar Liqasına görə hansısa rotasiyalar edəcəyini düşünmürəm. Əksinə, komanda uzun müddətdir bir arada olmadığı üçün bu oyuna elə Çempionlar Liqası matçına hazırlıq kimi baxmaq vacibdir. Bu baxımdan düşünürəm ki, meydana optimal heyətlə çıxacaqlar. Hansı güclüdürsə, qalib gəlsin. Hər iki komandamıza uğurlar!"

Qeyd edək ki, matç saat "Palms Sports Arena"da keçiriləcək. Görüşün start fiti saat 19:30-da səsləndiriləcək.
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər