1-ci Liqanın 4-cü turu çərçivəsində dünən lider "Şahdağ Qusar"ın qonağı olan "Zaqatala" 0:6 hesabı ilə uduzdu. Eyniadlı şəhəri təmsil edən komandanın baş məşqçisi Rakif Əliyevlə əlaqə saxlayıb ağır yenilgini şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Dünən həqiqətən çox məyus olduq. Oyun istədiyimiz kimi alınmadı. Görünən budur ki, hardasa boşluq vermişəm. Məsuliyyət mənim üzərimdədir. Rəqibi təhlil etmişdik, futbolçuları da bu barədə məlumatlandırmışdıq. Oyunçular meydanda tapşırıqları yerinə yetirməyə çalışasalar da, istədiklərimizi həyata keçirmək mümkün olmadı. Futbolçuları günahlandırmıram, məğlubiyyətə görə mən cavabdehlik daşıyıram.
"Şahdağ Qusar" bütün oyun komponentlərində bizdən üstün görünürdü. Keyfiyyətli oyunçulardan qurulmuş, döyüşkən rəqiblə qarşılaşdıq. Oyuna çox yaxşı hazırlaşdıqları hiss olunurdu. Rəqibə uğurlar arzulayıram. Biz də çalışacağıq ki, gələcəkdə belə səhvləri təkrarlamayaq".
Nihat