Mourinyu Mbappeni müdafiə etdi

Mourinyu Mbappeni müdafiə etdi
"Real Madrid"in baş məşqçisi Joze Mourinyu Kilian Mbappe ətrafında yaranan mübahisələrə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.
Məlumata görə, "Real Madrid"in fransalı hücumçusu son günlər zədədən bərpa prosesi zamanı Parisdə özəl tədbirdə iştirak etməsi və İsveçrədə velosiped sürməsi ilə bağlı tənqidlərə məruz qalıb. Bəzi media orqanları və azarkeşlər futbolçunun davranışını qeyri-peşəkar hesab ediblər.
Mourinyu isə oktyabrın 9-da "Vilyarreal"la oyunöncəsi mətbuat konfransında futbolçusunu müdafiə edib və onun ətrafında yaranan qalmaqalın şişirdildiyini bildirib.
"Medianın bütün bu məsələni işıqlandırması nəinki şişirdilib, həm də sadəcə gülüncdür. "Real Madrid" "Real Madrid"dir və siz jurnalistlər həmişə müzakirə etmək üçün nəsə tapmalısınız", - deyə portuqaliyalı mütəxəssis bildirib.
Joze Mbappenin zədəsi ilə bağlı tibbi müayinələrdən keçdiyini və bərpa planına əməl etdiyini vurğulayıb.
"Mbappe burada olub, müayinələrdən keçib. Dizində əvvəlki tibbi problemlər olduğu üçün əlavə mütəxəssisə də müraciət edib. Hər iki müayinənin nəticələri üst-üstə düşüb. Onun bərpa planının bütün təfərrüatlarını bilməyinizə ehtiyac yoxdur", - deyə baş məşqçi qeyd edib.
O, futbolçunun Parisdə gecə klubunda olması ilə bağlı iddiaları da təkzib edib: "Bu, gecə klubu deyildi, Paris Moda Həftəsi çərçivəsində keçirilən özəl tədbir idi".
Mourinyu Mbappenin İsveçrədə velosiped sürməsi ilə bağlı müzakirələrə də istehza ilə yanaşıb. Onun sözlərinə görə, futbolçunun olduğu oteldə velosipedlər sadəcə ərazidə hərəkət etmək üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq, hadisə sanki Mbappe İsveçrə velosiped turunda iştirak edirmiş kimi təqdim olunub.
Portuqaliyalı məşqçi forvardın qarşıdakı oyunda meydana çıxacağını da təsdiqləyib və futbolçunun klub qarşısında öhdəliklərini pozmadığına əmin olduğunu bildirib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər