"Bu oyunu qoruyub saxlaya bilsək, buraxılan səhvləri aradan qaldırmaq elə də çətin olmayacaq" - Aslan Kərimov

"Bu oyunu qoruyub saxlaya bilsək, buraxılan səhvləri aradan qaldırmaq elə də çətin olmayacaq" -  Aslan Kərimov

Oktyabrın 6-da Azərbaycan və Cəbəllütariq U-21 yığmaları qarşılaşıb. Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda 3 xalı 3 cavabsız qolla əldə edib.

Yığmamızın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb U-21-in başa çatan tsikldəki çıxışı ilə bağlı nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə olub:

“Təbii ki, U-21 milli komandasının oyunlarını və inkişafını izləyərkən bunu qeyd edə bilərəm ki, Çexiya millisinə qarşı heç-heçə etməyimiz, daha sonra isə Şotlandiya millisinə 2:5 hesabı ilə məğlub olmağımız mənim üçün çox şeydən xəbər verdi. Çexlərin yeniyetmə və gənc futbolçuları arasında hər zaman güclü heyəti olub. Bu komandaya qarşı oynamaq, mübarizə aparmaq, müdafiəmizi toxunulmaz saxlamaq və rəqibə çox qol imkanı verməmək az iş deyil. Cəbəllüttariqlə oyunu kənara qoyuram, çünki necə olmağımızdan asılı olmayaraq, həmin görüşlərin ikisində də qələbə qazanmalı idik və bunun da öhdəsindən gəldik. Lakin Şotlandiya millisi ilə oyundakı 2:5 hesablı məğlubiyyət azarkeşlər üçün bəlkə də nikbin görünməyə bilər. Amma mən bu oyunda komandamızın nə qədər aktiv və öndə oynadığını, hücuma necə qətiyyətlə atıldığını gördüm. Fərdi səhvlərdən qollar buraxdıq. Bunları buraxmamalı idik, lakin bu cür xətalar aradan qaldırıla biləndir. Futbolçuların fərdi səhvlərini düzəltmək o qədər də çətin məsələ deyil. Heyətdə dəyişiklik edərək və ya üzərində işləyərək bu problemi həll etmək olar. Komandanın qətiyyətli olması, çəkinməməsi, daim hücumda qalması, rəqib qol vurduqda belə təzyiqi davam etdirib böyük qüvvə ilə irəli atılması, əslində, dönüm nöqtəsinin başlanğıcı ola bilər. Əgər milli komandamız geridə oturub müdafiə olunsa, topu kor-koranə uzaqlaşdırmağa çalışsa, bəlkə də Şotlandiya ilə görüş rəqibin 2:0 hesablı qələbəsi ilə bitəcəkdi. Lakin 2:5 hesablı məğlubiyyətə baxmayaraq, biz qətiyyətli futbol nümayiş etdirməyi bacardıq. Belə bir matçı gələcəkdə qələbəyə çevirmək müdafiədə oturub heç-heçə etməkdən daha asandır. Bu komandanın yalnız hücumçularla deyil, kollektiv şəkildə irəli getməsi gənc olmalarına baxmayaraq xarakter göstərdiklərini və hücuma meyilli olduqlarını sübut edir. Sadalananlar milli komandamız üçün böyük bir üstünlükdür. Ona görə də yığmamız bağlı çox müsbət düşünürəm. Əgər bu oyunu qoruyub saxlaya bilsək, buraxılan səhvləri aradan qaldırmaq elə də çətin olmayacaq”.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər