Azərbaycan futbolunun əksər uğurlarının müəllifi olan Qurban Qurbanov son illər bir qayda olaraq vaxtilə çalışdırdığı milli komanda ilə bağlı fikir bildirməkdən, onu müzakirə etməkdən yayınıb. Bu yöndə şəxsinə sual ünvanlananda əsasən ümumi fikirlərlə kifayətlənib: "Mənim milli haqda nəsə deməyim düzgün olmaz. Komandamıza ancaq uğurlar arzulaya bilərik. Klub məşqçisi kimi işimizi nə qədər yaxşı görsək, milliyə də kömək olacaq. Amma orada olmaya-olmaya nəsə deməyim, həmkarlarımın işini müzakirə etməyim qeyri-etik olar".
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis ötən həftəsonu Gəncədə ənənəsini pozaraq Ayxan Abbasovun baş məşqçisi olduğu yığmanın uğuruna biganə qalmayaraq Millətlər Liqasındakı çıxışı barədə ətraflı danışıb, komandanın qrup liderliyinə münasibət bildirib. Qurbanov bir məqama xüsusi toxunub:
"Həmişə deyirəm ki, birinci yeri qazanmağı, qalib olmağı dəyərləndirmək lazımdır. Çünki bu cür böyüyürsən. Çempionluq, 1-ci yer hər futbolçuya və hər məşqçiyə nəsib olmur. Hiss edirsənsə çempionsan, lidersən, sənin üçün önə baxmaq daha rahat olur, məsuliyyətin çoxalır, özünəinamın artır. Millinin bu uğurunu dəyərləndirmək lazımdır. Komandamızı təbrik edirəm. Halal olsun!".
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında Litva (Lietuva, Lithuania) və Lixtenşteynlə (Liechtenstein) birgə yer aldığı D Liqasının qalibi olaraq C-yə yüksəlib. Ayxan Abbasovun rəhbərliyi altında keçirdiyi 4 oyunda məğlub olmayan yığma 8 xal əldə edərək liderliyi təmin edib.
Qurban Qurbanov Azərbaycan milli komandasında həm futbolçu (1992–2005), həm də baş məşqçi (2017–2018) kimi çıxış edib. O, futbolçu kimi 68 oyunda 14 qol vuraraq uzun müddət yığmanın ən məhsuldar bombardiri olub. 2017–2018-ci illərdə isə "Qarabağ"la paralel Azərbaycan millisinin baş məşqçisi olub və yığmanı 12 oyuna çıxarıb. Milli onun rəhbərliyi altında 12 oyundan 4-də qələbə qazanıb, 5-də heç-heçə edib, 3 görüşdə məğlub olub. Qurbanovun dövründə UEFA Millətlər Liqasında (2018/19) Azərbaycan D Liqasının 3-cü qrupunda Kosovo (Kosova), Farer adaları (Faroe Islands) və Malta ilə mübarizə aparıb. 6 oyundan 9 xal toplayan yığma qrupda 2-ci yeri tutub. Son turda səfərdə Kosovoya 0:4 hesablı məğlubiyyət qrup liderliyi şansının əldən verilməsi ilə nəticələnib.
Mirağa