AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə Misli Premyer Liqasının 12-ci turunda yaşanan qayda pozuntuları ilə bağlı ölçü götürüb.
"Sumqayıt" – "Sabah" matçının 33-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan meydan sahiblərinin futbolçusu Lukas Blek 1 oyunluq cəzalanıb. Onun intizamsızlığı klubunu 500 manat "tərlədib".
"Şamaxı" – "Turan Tovuz" qarşılaşmasında hər iki komandanın məşqçisi cəzaya məruz qalıb. Belə ki, fasilədə rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alan "Şamaxı"nın məşqçisi Araz Bağırov və "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov hərəyə 3 oyunluq cəzalanıblar. Hər iki klub 8000 manat cərimə ödəyəcək.
Görüşün 75-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan "Turan Tovuz"un futbolçusu Xorxe Silva (Jorge Silva) da 3 oyunluq cəzalanıb. Ancaq bu cəzanın 1 oyunu şərti hesab olunub. Futbolçuya 6 aylıq sınaq müddəti təyin edilib. "Turan Tovuz" klubu əlavə olaraq 3000 manat cərimələnib.
Mirağa