"Sabah" müdafiəyə çəkilmək əvəzinə "Barselona"ya öz oyununu qəbul etdirməyə çalışdı" - Arif Əsədov

"Sabah" müdafiəyə çəkilmək əvəzinə "Barselona"ya öz oyununu qəbul etdirməyə çalışdı" -  Arif Əsədov

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Sabah" Bakıda "Barselona"nı (Barcelona) qəbul edib. Matç Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyun gözlədiyimizdən də yaxşı başladı. "Sabah"ın belə start götürməsi onu göstərdi ki, komanda rəqibdən çəkinmirdi və onu düzgün təhlil etmişdi. Meydanın hansı hissəsində rəqibi qarşılamaq, ona qarşı müdafiəni necə qurmaq, topu ələ keçirdikdən sonra hansı addımları atmaq baxımından çox yaxşı hazırlıq görülmüşdü. İlk təhlükəli anları da "Sabah" "Barselona"nın qapısı qarşısında yaratdı. Hətta yüzfaizlik qol imkanları oldu, sadəcə qola çevrilmədi. "Sabah" öz oyun üslubundan əl çəkmədi, müdafiəyə çəkilmək əvəzinə "Barselona"ya öz oyununu qəbul etdirməyə çalışdı. İlk hissə çox yaxşı keçdi. Deyərdim ki, "Sabah" bərabər səviyyədə mübarizə apardı, hətta bəzi epizodlarda üstün tərəf oldu. Amma ikinci hissədə artıq bizim mövcud problemlərimiz - oyunun tempi, rəqibin təcrübəsi və təbii ki, ustalığı öz sözünü dedi. Qollara gəlincə, buraxılan qollar böyük taktiki səhvlərin nəticəsi deyildi. Daha çox detallardakı çatışmazlıqlar və xırda fərdi səhvlər qollarla nəticələndi. Amma ümumi götürəndə, "Sabah" yaxşı oynadı. Hesab böyük görünsə də, komanda oyun baxımından özünü yaxşı tərəfdən göstərdi. Hətta "Barselona"nın qapısına qol vurmağı da bacardı. Bunun özü də müsbət haldır. "Sabah"ın oyunu mənə xoş təəssüratlar bağışladı".

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər