"Qalatasaray"ın Mirça Luçesku arzusu reallaşır. Fanat.Az xəbər verir ki, rumın mütəxəssis "Zenit"dən ayrılacaq.
"Sport Express"in məlumatına görə, Sankt-Peterburq klubu mövsümün sonunda 71 yaşlı mütəxəssisin müqaviləsini pozmaq qərarına gəlib. "Zenit"in yeni baş məşqçisi Paulo Souza olacaq.
Rumıniyanın "Prosport" saytı isə yazır ki, "Qalatasaray" rəsmiləri Luçeskunun oğlu Razvan Luçesku ilə biraraya gələrək müzakirələr aparıb. İstanbul klubu rumın məşqçiyə geniş səlahiyyətlər təklif edib.
İddialara görə, artıq Luçeskunun "Qalatasaray"dakı köməkçiləri də bəllidi. 71 yaşlı baş məşqçiyə "Qalatasaray"ın əfsanəvi kapitanı Bulent Korkmaz və rumın futbolunun məşhur simalarından olan Kosmin Kontra yardım edəcək.
Qeyd edək ki, Lkuçesku 2000-2002-ci illərdə "Qalatasaray"ı çalışdırıb. "Sarı-qırmızılılar" onun rəhbərliyi altında Avropa Super Kubokunu və Türkiyə çempionluğunu qazanıb, Çempionlar Liqasında 1/4 finala yüksəlib.
Bülent Korkmaz karyerası ərzində yalnız "Qalatasaray"ın formasını geyinib (1986-2005). O, komandanın heyətində Türkiyə çempionu (8 dəfə), ölkə kubokunu (6) və Super Kubokunu (5), UEFA Kubokunu (1) və Avropa Super Kubokunu (1) qazanıb. 2009-cu ildə "Qalatasaray"ın baş məşqçisi olan 48 yaşlı mütəxəssis 2009-2010-cu illərdə "Bakı"nı çalışdırıb. Onun son iş yeri "Mersin İdman Yurdu" olub.
Rumıniya millisinin sabiq üzvü Kosmin Kontra isə məşqçi karyerası ərzində vətənində "Politexnika", "Petrolul", İspaniyada "Fuenlabrada", "Xetafe", "Alkorkon" və Çinin "Quanqzu R&F" klublarını çalışdırıb. O, hazırda Buxarest "Dinamo"suna başçılıq edir.
Fanat.Az