"Yunan dedi ki, səni udacağımı gözləmirdim" - Məmmədəli Mehdiyev

"Yunan dedi ki, səni udacağımı gözləmirdim" - Məmmədəli Mehdiyev

Bolqarıstanda keçirilən cüdo üzrə Avropa çempionatında bürünc medal qazanan kişilərdən ibarət Azərbaycan yığmasının 90 kiloqram çəki dərəcəsindəki üzvü Məmmədəli Mehdiyevin Fanat.Az-a müsahibəsi

- Məmmədəli, bu, Avropa çempionatlarında üçüncü bürünc medalındır. Ancaq əvvəlki qitə çempionatları ilə müqayisədə Sofiyadakı yarış öncəsi daha iddialı təsir bağışlayırdın. Dünyanın 2, yarışın isə 1 nömrəsi idin. Belədə bu dəfə "qızıl"ı itirdiyini söyləmək olar?

- Bəli. Yanvar ayından bu yana fasiləsiz məşqlərə gəlib, maksimum səy göstərmişdim ki, Avropa çempionu olum. Ancaq qızıl medala köklənmişdim. Bəlkə də bu qədər iddialı, həvəsli olmağım əks-effekt verdi. 1/4 finalda uduzduqdan sonra çox pis olmuşdum. Amma sağ olsun məşqçilər, məni psixoloji cəhətdən digər iki görüşə hazırladılar. Sevinirəm ki, ən azından medalsız qalmadım. Yoxsa daha pis olardım.

- Uduzduğun yunanıstanlı idmançı ilə bunadək yarışlarda yolun kəsişməmişdi. Dünya reytinqində 99-cu sırada yer alan Tselidislə görüşdə məğlubiyyətin səbəbi nə oldu?

- Yorğunluq sözünü dedi. Həmin idmançı sonra mənə dedi ki, səni udacağımı gözləmirdim. Soruşdu ki, niyə belə oldu? Dedim, yorğun idim.

"Yunan dedi ki, səni udacağımı gözləmirdim" - Məmmədəli Mehdiyev

- Yorğunluğun səbəbi nə idi?

- Ola bilsin ki, lazım olduğundan çox məşq etmişəm. Üstəlik, çəkisalma da mənə yaxşı təsir etməmişdi. Mən 100-101 kilodan çəki salıram.

- Çəki salmamaq üçün ola bilər ki, qarşıda bəzi yarışlarda 100 kiloqramda mübarizə aparasan?

- Xeyr. Paris Olimpiadasınadək 90 kiloqramda çıxış edəcəyəm. Ondan sonra 100-ə keçərəm.

- Deməli, Paris-2024 son olmayacaq...

- Belə getsə, xeyr (gülür).

- Bu Avropa çempionatı Rixard Trautmanın rəhbərliyi altında yığmanın qatıldığı ilk böyük yarış idi. Fikrincə, yeni baş məşqçi komandaya necə təsir edib?

- Çox gözəl, effektli məşq metodu var. Olduqca təcrübəli, savadlı mütəxəssisdir. Komandada əla əhval-ruhiyyə yaradıb. Mən inanıram ki, Azərbaycan cüdosu bu məşqçi heyəti ilə qarşıda çox uğurlar qazanacaq, yeni tarixlər yazılacaq.

- Bu ilin təqvimində İslam Həmrəyliyi Oyunları, ardınca isə dünya çempionatı var. Sözügedən yarışlarla bağlı hədəflərin nədir?

- Ola bilər ki, İslam Oyunlarını buraxım. Əsas hədəf dünya çempionatıdır. Lakin son qərarı baş məşqçi verəcək. O, nə desə, o da olacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər