Millimizin sabiq çalışdırıcısından federasiyaya etiraz: "Sanki mən adda məşqçi olmayıb"

Millimizin sabiq çalışdırıcısından federasiyaya etiraz: "Sanki mən adda məşqçi olmayıb"

Cüdo üzrə böyüklər, gənclər və yeniyetmələrdən ibarət milli komandalara məşqçi təyinatları gerçəkləşib.

Həmin siyahıda kişilərdən ibarət yığmamızın keçmiş çalışdırıcısı, vaxtilə əsas millinin hazırkı baş məşqçisi Mövlud Mirəliyevlə çiyin-çiyinə çalışmış Fərhad Məmmədovun olmaması diqqətimizi çəkdi. Halbuki bu yaxınlarda Mirəliyevlə müsahibəmizdə o da təcrübəli həmkarının yığmaya gətirilməsi üçün federasiya rəhbərliyi qarşısında məsələ qaldıracağını açıqlamışdı.

Fanat.Az-a danışan F.Məmmədov məsələyə belə münasibət bildirib:

"Federasiyadan heç bir təklif gəlmədi. Sanki mən adda məşqçi olmayıb. Yəqin ki, biz hələ o səviyyəyə çatmamışıq, təcrübəsizik. Təyin olunanlar isə bu işi daha çox bilirlər. Başqa nə deyim?".

Qeyd edək ki, Fərhad Məmmədov 2017-ci ildə yığmamızın baş məşqçisi olub. Onun rəhbərliyi altında milli komanda Varşavada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc, Budapeştdə baş tutan dünya çempionatında isə 2 gümüş, 1 bürünc medal qazanıb. Keçmiş çalışdırıcı ukraynalı Ruslan Maşurenkonun təyinatından sonra bir müddət köməkçi-məşqçi işləyib. Sonradan baş məşqçi ilə fikir ayrılığı səbəbindən yığma ilə yollarını ayırıb.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər