Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutan "Qarabağ” - "Neftçi” matçından sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov "Azərsun Arena”nın konfrans zalında düzənlənən mətbuat konfransına qatılıb.
Futbolinfo.az xəbər verir ki, "Qarabağ”ın çalışdırıcısı 1:1 hesablı bərabərlik haqda bir neçə cümlə söyləyib və ardından sualları cavablandırıb:
"Hər iki komandanı təbrik edirəm. Bu gün Azərbaycan çempionatında son vaxtların ən gərgin derbisi yaşandı. Həm nəticə, həm sürət, həm də azarkeş amili xoş təsir bağışladı. Nəticədən də, oyundan da çox razıyam”.
- "Neftçi" ilk yarıda daha çox pressinq etsə də, fasilədən sonra ehtiyatlı oynadı. Bu, sizin işinizi asanlaşdırdı? - Pressinq etmək asan deyil. Xüsusən, rəqib meydanında. İlk yarıdan sonra hesab rəqibi qane edirdi. İkinci hissədə isə hücumları artırmağımız rəqibi müdafiə olunmağa məcbur edirdi. Fasilədən sonra aktivləşməyimiz və sürətli oynamağımız "Neftçi"ni buna vadar etdi.
- Miçel və Abdullah Zubirin durumu necədi? - Miçel 15 günlük sıradan çıxdı. Abdullah Zubiri isə risk etmək istəmədiyimiz üçün meydana buraxmadıq. "Şerif"lə cavab görüşünə tam hazır olmaq ehtimalı böyükdü.
- Yakub Jezniçakın Rəşad Sadıqov və Bədavi Hüseynova uduzduğunu düşünmürsüz? - Kiminsə kiməsə uduzduğunu demək fikrim yoxdu. 20 futbolçumun hər birinə güvənirəm. Çempionatda və avrokuboklarda hər ikisi eyni sayda oyuna çıxıb.
- Bu oyunda həyəcanlı görünməyiniz nə ilə əlaqədardı? - Bəlkə də ən az həyəcanlı olmağım oyundan əvvəl olur. Əslində isə hər oyunöncəsi və sonra həyəcanlı oluram. Ola bilər ki, bu gün daha emosional idim. Amma futbolçularım kimi aktiv idim. Ona görə texniki zonanın kənarınadək irəliləmişdim. Bəzən belə hallar olur.
- Filip Ozobiç bu gün ən yaxşı oyununu keçirdi. Gələcəkdə də pleymeker kimi oynatmağı düşünürsüz? - Gələcəkdə də ola bilər. Bu gün ona ehtiyac var idi və düşünürəm ki, tapşırıqları yerinə yetirdi.
Fanat.Az