Zədə səbəbindən uzun müddət komandadan ayrı alan “Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli məşqlərə başlayıb.
Fanat.Az xəbər verir ki, paraqvaylı futbolçu “ağ-qaralar”ın Türkiyədəki təlim-məşq toplanışına qoşulub. 32 yaşlı yarımmüdafiəçi bununla bağlı klubun televiziyasına açıqlama verib: "Bərpa dönəmi çətin keçdi. Amma bunlar artıq geridə qaldı. Hazırda özümü yaxşı hiss edirəm, kollektivlə birlikdə olduğum üçün xoşbəxtəm. “Neftçi”nin uğurlarına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. “Neftçi”nin, demək olar ki, bütün oyunlarını izləyirdim. Kənardan baxmaq bir az çətin idi. Amma heyətə düşəcəyimə inanmasaydım, indi burada olmazdım”.
Yanvarın 20-dək Antalyada təlim-məşq toplanışında olacaq “Neftçi” 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Xatırladaq ki, “Neftçi”nin Türkiyədəki yay təlim-məşq toplanışı zamanı zədələnən Sezar Meza Kolli iyulda Paraqvaya yollanaraq orada dizindən əməliyyat olunmuşdu.