Lui van Qal Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Niderlandın Argentina milli komandasına uduzmasından sonra “narıncılar”ın baş məşqçisi vəzifəsini tərk edəcəyini açıqlayıb.
Fanat.az xəbər verir ki, bu barədə 71 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Mən Niderland yığmasının baş məşqçisi işləməyi davam etdirməyəcəyəm, bu həqiqətən mənim sonuncu oyunum oldu, milli komandadakı fəaliyyətimin üçüncü dönəmi başa çatdı. Sonuncu gəlişdə komanda 20 matç keçirib və birində də məğlub olmayıb”.
Xatırladaq ki, Van Qal 2021-ci ildən çalışdırdığı Niderland yığmasını 20 oyuna çıxarıb. Komanda bu görüşlərdə 14 qələbə qazanıb, 6 heç-heçə edib. Rəqib qapılarından 51 top keçirən “narıncılar”, 17 qola üzülüb. O, daha öncə də iki dəfə (2000-2001 və 2012-2014) milliyə rəhbərlik edib.
Van Qalı yığmada bundan sonra Ronald Kuman əvəz edəcək. Hansı ki, o da vaxtilə millidə işləyib. Təcrübəli mütəxəssis 2018-2020-ci illərdə Niderland yığmasının sükanı arxasında olub. Onun dövründə millinin ən yaxşı nəticəsi UEFA Millətlər Liqasının finalına yüksəlməsidir.