Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın dördüncü turunda sonuncu Dünya Kuboku turnirinin qalibi, polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gəlib. Matçın ilk rapid partiyasını Duda aktivinə yazıb. Növbəti oyunda "sülh", ardınca isə Məmmədyarovun qələbəsi qeydə alınıb. Son rapid görüşündə də heç-heçəyə razılaşan şahmatçılar görüşün taleyinə tay-breykdə aydınlıq gətiriblər. Burada Duda hər iki görüşü qalib başa vuraraq yekun hesabı müəyyənləşdirib - 4:2.
Bu, Şəhriyarın yarışda ardıcıl üçüncü məğlubiyyəti olub. Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya və kanadalı Erik Hansenə uduzub.
Qeyd edək ki, 8 qrossmeysterin qatıdığı və dairəvi sistem üzrə 7 turdan ibarət turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
"Oslo Esports Cup" IV tur
Yan-Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 4:2 (1:0, 0,5:0,5, 0:1, 0,5:0,5, 1:0, 1:0) Maqnus Karlsen (Norveç) - Rameşbabu Praqnanandha (Hindistan) 3:0 Erik Hansen (Kanada) - Le Kuanq Lyem (Vyetnam) 0,5:2,5 Aniş Giri (Niderland) - Yorden Van Forest (Niderland) 2:4