Antoni Marsyal "Mançester Yunayted”dən getmək istəyir.
Fanat.Az-ın məlumatına görə, forvardın meneceri Filipp Lamboli "RMC Sport”a verdiyi müsahibədə bu haqda danışıb: "Müştərim "Mançester Yunayted”dən ayrılmağa qərar verib. Bunun bir neçə səbəbi var. Amma bu barədə danışmaq üçün tezdi. Antoni daha sonra gələcəyi barədə məsələlərə aydınlıq gətirəcək”.
Agentin sözlərinə görə, danışıqların yubadılması Marsyalın "qırmızı şeytanlar” üçün önəm kəsb etməməsi anlamına gəlir: "Dünyanın ən güclü klubu hesab olunan "Mançester Yunayted” 8 aydı ki, müqavilə yeniləməklə bağlı yekun qərara gələ bilmirsə, deməli, Antoni onlar üçün önəmli deyil. Müştərimin "Mançester Yunayted”lə müqaviləsi var, klubun qərarlarına hörmətlə yanaşır, üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdı. Amma o, konkret olaraq komandadan ayrılmaq istəyir. Düşünüb və qərar verib”.
Qeyd edək ki, geridə qalan mövsümdə 30 oyunda forma şansı qazanan fransız 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az