FIDE Qran-Prisi: Məmmədyarov qrupda qaldı

FIDE Qran-Prisi: Məmmədyarov qrupda qaldı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-Prisinin qrup mərhələsində son görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 36 yaşlı qrossmeyster D qrupunun VI turunda ağ fiqurlarla fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Əvvəlki beş matçdan heç-heçə ilə ayrılan təmsilçimiz bu dəfə də rəqibi ilə "sülh bağlayıb". 

Beləliklə, xalını 3,5-ə çatdıran Vaşye-Laqrav qrup lideri olaraq adını yarımfinala yazdırıb. Məmmədyarov isə 3 xalla qrupda ikinci olub və turnirdə mübarizəni dayandırıb. 

***

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-Prisinin qrup mərhələsində son görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 36 yaşlı qrossmeyster D qrupunun VI tur qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Əvvəlki 5 turda heç-heçəyə razılaşan Məmmədyarov yalnız qələbə qazanacağı təqdirdə qrup lideri ola bilər. 

Qrupun digər oyununda çinli Yu Yanqyu rusiyalı Aleksandr Predke ilə görüşəcək.

Hazırda Vaşye-Laqrav 3 xalla liderdir. Hərəyə 2,5 xalı olan Məmmədyarov və Yanqyu 2-3-cü yerləri bölüşdürür. Predke isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Əsasnaməyə görə, dairəvi sistemlə ikidövrəlik mübarizənin sonunda yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Həm yarımfinal, həm də final 2 klassik oyundan və lazım gələrsə, tay-breykdən ibarət olacaq. 

Seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov həmçinin turnirin sonuncu - 3-cü mərhələsində iştirak edəcək. Seriyanın sonunda ən yaxşı göstəriciyə sahib iki şahmatçı bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanacaq.

Qeyd edək ki, FIDE Qran-Prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər