Aryen Robben karyerasını bərpa edir. Dünya futbolunda özünəməxsus iz qoyan vinger bir neçə həftədi ki, "Qroningen"lə birlikdə çalışır.
Fanat.Az Niderland təmsilçisinin saytına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu 2020-21 mövsümündə komandanın formasını geyinməyi planlaşdırır.
Ulduz futbolçu açıqlamasında belə deyib:
"Koronavirus pandemiyası ilə əlaqədar olaraq çətin dönəmdən keçirik. Bu mənada "Qroningen" də istisna deyil. Kluba yardım etmək etmək məqsədiylə müxtəlif kampaniyalarda iştirak etmişəm. Bununla belə, başqa nələr edə biləcəyim barədə də düşünürdüm. Son həftələrdə klub daxilindən bir neçə nəfərlə danışmaq imkanım oldu. Ən əsası, azarkeşlərin "Aryen, ürəyinin səsini dinlə" çağırışı diqqətimi çəkdi.
Yaşıl meydanlara qayıtmağa hazırlaşıram - "Qroningen"in futbolçusu kimi. Bunun alınıb-alınmayacağını indi dəqiq deyə bilmərəm. Amma "Qroningen" formasını yenidən geyinmək mənim xəyalımdı. Bunun üçün motivasiya və əzmlə çalışacağımı deyə bilərəm. Bilirəm, fiziki baxımdan mənim üçün çətin olacaq. Lakin özümü hazır hiss edəndə əsas komandaya qoşulacam. Tezliklə görüşmək ümidi ilə..."
Sabah "Qroningen" klubu mətbuat konfransı keçirəcək.
Robben "Qroningen"in yetirməsidi. Niderlandlı oyunçu peşəkar futbolçu kimi ilk matçına məhz "ağ-yaşıllar"ın heyətində çıxıb.
O, ötən ilin yayında karyerasını bitirmişdi.
Fanat.Az