Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrey bu ölkənin milli komandasının sabiq yarımmüdafiəçisi Zinəddin Zidandan üzr istəyib.
Fanat.Az xəbər verir ki, qurum rəhbəri əfsanəvi futbolçu ilə bağlı fikirlərini düzgün ifadə etmədiyini etiraf edib və 51 yaşlı mütəxəssisə hörmətlə yanaşdığını bildirib:
“Bu sözlər nə mənim fikirlərimi əks etdirir, nə də futbolçu və məşqçi kimi Zidana olan münasibətimi dəyişir. Buna görə üzr istəyirəm. Belə müsahibə verməməli idim. Fransa futbolunun iki abidəsi Didye Deşamla Zinəddin Zidanı qarşı-qarşıya qoydum. Etiraf edirəm ki, anlaşılmazlığa səbəb olan yöndəmsiz açıqlamalar vermişəm. Zinəddin Zidan mənim ona, eləcə də bütün fransızlara nə qədər hörmət bəslədiyimi bilir”.
Xatırladaq ki, Noel Le Qrey bundan əvvəlki açıqlamasında Zidanın millinin baş məşqçisi postuna namizəd olmadığını və mütəxəssis zəng vursa belə, ona cavab verməyəcəyini açıqlamışdı: “Mən Zidanla heç vaxt tanış olmamışam. Didye Deşamla (Fransa millisinin indiki baş məşqçisi) ayrılmağı düşünməmişdik. Bəzi jurnalistlər nə yazacaqlarını bilmədiklərinə görə nə isə icad etməyə çalışırlar. Zidanın Braziliya yığmasına baş məşqçi təyin olunması ilə bağlı xəbərlər haqda nə düşünürəm? Mənim heç vecimə də deyil. O, hara istəsə, gedə bilər. Mənimlə əlaqə saxlamaq istəsəydi, o zaman şansı olmazdı. Çünki zənglərinə belə cavab verməzdim”.
Federasiya prezidentinin Fransa futbolunun əfsanələrindən biri haqda bu açıqlaması futbol ictimaiyyəti tərəfindən ciddi tənqidlərlə qarşılanmışdı. Onu bu hərəkətinə görə tənqid edənlərdən biri də millinin indiki liderlərindən olan Kilian Mbappe olub. O, sosial şəbəkə hesabında bunları yazıb:
“Zidan Fransa futbolunun əfsanəsidir. Le Qrey belə insanlara hörmətlə yanaşmalıdır. Biz ona bu qədər hörmətsizlik edə bilmərik”.