Yaxşı ki almanlar kor deyil

Yaxşı ki almanlar kor deyil

Son günlərin ən diqqətçəkən xəbərlərindən biri Renat Dadaşovun Azərbaycan yığmasında oynamasına FİFA-nın razılıq verməsidi. Dadaşov soyadı futbolsevərlərə yaxşı tanışdı. Onun böyük qardaşı Rüfəti yaxın keçmişdə yığmanın formasında görənlərin gözləri təəccüb və qürurdan kəlləsinə çıxmasa da, ağır hücumçuya böyük ümidlər bəsləyənlər də yox deyildi.

Yaxşı ki, almanlar kor deyil

Renatı böyük qardaşından daha güclü sayanlarla razılaşmamaq olmaz. Kiçik Dadaşovu Almaniya U-17-nin formasında 9 nömrəli futbolkada görənlər anlayır ki, sözügedən ölkənin hər hansı yaş qrupu üzrə yığmasında ayağı top tutmayan oyunçu meydana  çıxa bilməz. Bakıda keçirilən Avropa çempionatında da özünü yaxşı tərəfdən göstərən gənc bu yaxınlarda Frankfurt “Ayntraxt”ına keçib və onun transferi Almaniya mətbuatının diqqətindən kənarda qalmayıb. Əslində sözügedən oyunçu daha öncə ölkəmizin U-16 yığmasında da top qovmuşdu. Seleksiya işini arzulanan məharətlə görməyi bacarmayanların necə deyərlər, solaxay tutduğu uşağın böyük futbol ölkəsində parlamasında qeyri-adi nəsə yoxdu. AFFA-dan bir ətək pul alan yarıtmazlar üçün sıradan haldı. Bəli, Rüfətin qardaşı məhz yaşadığı Almaniyanın baxdığını görə bilən mütəxəssisləri tərəfindən kəşf edildi. Və yaxşı ki, adını seleksiyaçı-məşqçi qoyan həmvətənlərimizin alayarımçıq rəyinə tüpürən almanlar fərqli mövqe tutdu. Əks-halda daha bir istedad azərbaycan futboluna fayda vermədən kölgəyə çəkiləcək, yaşının keçid dövründə itib-batacaqdı.

Vətənpərvərlik nağılları saxtadı

Onun ata-baba vətənində top qovmağa razılaşması faktdı. Ancaq hər şey kənardan göründüyündən fərqlidi. Renat AFFA-nın baş katibi Elxan Məmmədovun yığma formasını şəxsən geyindirmək istədiyi 3 azərbaycanlıdan biridi. Bunu yaxın ətrafıyla və etibar etdiyi adamlarla görüşlərdə özü də dilə gətirib. Şübhəsiz, futbolçuya yaxşı şərait, maddi dəstək vəd olunub. Hərçənd saytımızda da dəfələrlə tənqid atəşinə tutulan baş katibi bu addımına görə birmənalı şəkildə qınamırıq. Lazımsız toplanışlara, ayağı ayağına dolaşan, Azərbaycanla yaxından-uzaqdan əlaqəsi olmayan əcnəbilərin milliyə cəlb edilməsinə xərcləməkdənsə özümüzünkülərə elçi düşmək, yeri gəlsə tovlamaq, həvəsləndirmək məsləhətdi. Əlbəttə, bu qərarla bağlı danışılan vətənpərvərlik nağılları saxtadı. Gənclik dönəminə yeni qədəm qoyan futbolçu və ən yaxın dəstəkçisi – ata Dadaşov bundestimə düşmək, tutaq ki, Müllerlə forvard mövqeyində rəqabət aparmaq şansının sıfıra bərabər olduğundan xəbərdardı.

Sürətdən başqa hər şey

Böyük qardaşı Rüfət texniki cəhətdən hazırlıqsız, taktika anlayışı yüksək, fiziki gücü orta səviyyədən yüksək (Azərbaycan standartlarıyla) oyunçudu. Ona görə də Regional Liqa təmsilçilərindən başqa heç kimə lazım deyil. Nəinki Almaniyada, ölkəmizdə də 5-6 o sambalda hücumçu var. Renatın vuruş texnikasını qardaşınınkıyla müqayisə etmək çabası belə, yersiz, fiziki gücü və taktiki savadı alqışalayiqdi. Daha işlək sağ ayağıyla yanaşı, soldan da yeri gəldikcə faydalanmağı bacarır. Düzdü, start sürəti yüksək deyil. Ancaq düşünmə sürəti hesabına bu çatışmazlığını sığortalayır. “Anytraxt”ın əsas komandasına yüksəlmək missiyasının öhdəsindən gəlsə, pulu yox, futbolu düşünsə, gələcəkdə yaxşı futbolçu olmaq fürsəti qazanar.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər