Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio-2020 Yay Olimpiya Oyunlarının koronavirus təhlükəsi səbəbindən təxirə salınacağına dair yaranan narahatlığı aradan qaldırmağa çalışır.
Fanat.Az xəbər verir ki, ötən gün Komitənin Lozannada keçirilən iclasında danışan prezident Tomas Bax Olimpiadanın planlaşdırıldığı kimi, 24 iyul - 9 avqust tarixlərində keçiriləcəyinə dair əminliyini vurğulayıb. O, idmançılara hazırlıqlarını tam sürətlə davam etdirmələrini məsləhət görüb.
Yaponiyanın Olimpiya naziri Seiko Haşimoto parlamentdəki son çıxışı zamanı Yay Olimpiya Oyunlarının ilin sonuna kimi təxirə salına biləcəyinin mümkünlüyündən danışmışdı. Bunun ardınca BOK Olimpiadanın planlaşdırıldığı tarixdə keçirilmə ehtimalının yüksək olduğuna dair bəyanat yayıb:
"Bugünkü iclasda Beynəlxalq Olimpiya Komitəsinin idarə heyəti Tokio-2020 Olimpiya Oyunlarının 24 iyul - 9 avqust tarixlərində keçiriləcəyinə dair əminliyini nümayiş etdirdi. Koronavirusla mübarizə aparmaq üçün bütün uyğun tədbirlər görülür. Artıq fevral ayının ortalarından etibarən BOK, Tokio-2020-nin Təşkilat Komitəsi, Yaponiya hökuməti və Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə ortaq işçi qrupu yaradılıb. Beynəlxalq Olimpiya Komitəsi hər zaman Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini dinləməyə hazırdı".
Son günlərdə koronavirus səbəbindən bir neçə önəmli idman turniri təxirə salınıb. Bunların sırasında atletika üzrə dünya çempionatı və "Formula 1" Çin Qran-prisi də var. BƏƏ veloturu isə sona iki etap qalmış dayandırılıb. Əbu-Dabidə koronavirus şübhəsi ilə 167 idmançı karantinə götürülüb. Onların arasında "Tur de Frans"ın dördqat qalibi Kris Frum və veteran sprinter Mark Kavendiş də olub. Testin nəticələri neqativ çıxıb. Bununla belə, fransız komandaları - "Cofidis" və "Groupama-FDJ", BƏƏ kollektivi və Rusiyanı təmsil edən "Gazprom"un üzvləri hələ də karantində saxlanılırlar.
Fanat.Az