Bir neçə gün öncə Cəlilabad rayonunda ümumtəhsil müəssisəsinin idman meydançasının satışa çıxarıldığına dair xəbər vermişdik.
Stadionun yerləşdiyi Babalı kəndinin sakinləri tərəfindən saytımıza ünvanlanan şikayətdə bildirilib ki, 2006-cı ildən Babalı kənd tam orta məktəbi üçün ayrılmış idman meydançası naməlum vəzifəli şəxslər tərəfindən satışa çıxarılıb. Sakinlər isə buna etiraz olaraq, ərazinin təhsil ocağına aid olduğunu və orada şagirdlərə fiziki tərbiyə ilə bağlı dərslərin tədris edildiyini bildirirlər.
Sakinlərin sözlərinə görə, həmin ərazinin məktəbin balansından çıxarılması üçün saxta yolla qeyri-qanuni sənədləşdirmə işləri həyata keçirilib. Beləliklə, saxta sənəd əsasında məktəbin stadionunun kənd bələdiyyəsinin istifadəsinə verilməsi planlaşdırılır.
Fanat.Az olaraq məsələni araşdırmaq üçün Cəlilabad rayonunun Təhsil şöbəsinə müraciət etdik.
Qurumun müdür əvəzi Ağaxan Ağayev Fanat.Az-açıqlamasında bildirdi ki, "Sizə səhv məlumat veriblər. Həmin ərazi satılmayıb. Ərazi rəsmi sənədlərlə, texniki pasportla Təhsil şöbəsinin balansındadır. Hər bir sənədi öz qaydasındadır. Əmin olmaq üçün nümayəndə göndərin həm sənədləri təqdim edək, həm də əraziyə gedək baxın".
Röya Kərimli