Ruslan Qurbanov: "Prosineçki Berti Foqtsun tam əksidi"

Ruslan Qurbanov: "Prosineçki Berti Foqtsun tam əksidi"

Azərbaycan millisinin və "Hayduk" klubunun futbolçusu Ruslan Qurbanov məşhur goal.com saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir. 

- "Hayduk"a gəlməzdən öncə hansı kluba keçdiyin haqda məlumatın var idimi?

- "Hayduk"un Azərbaycanda tanındığını bilmirdim.

- Sən "Hayduk"a komandanın sabiq hücumçusu Jin Evrardın əvəzləyicisi kimi transfer olundun. Necə düşünürsən, azarkeşləri və Evrardı yaxşı mənada təəccübləndirə biləcəksən?

- Evrardın azarkeşlərin sevimlisi olduğunu bilirəm. Ancaq əgər gücümü ortaya qoyaraq fərqlənsəm, problemsiz salto vuraram.

- Sənin oyununu gözəl edən nədi?

- Sürət, texnika və driblinq. Daha üç cəhəti də vurğulaya bilərəm. Ancaq onu deyim ki, mən klassik hücumçu deyiləm.

- Split şəhəri haqda nə deyə bilərsən?

- Şəhər xoşuma gəlir. Ancaq hələ ki, şəhərin görməli yerlərini gəzməyə vaxtım olmayıb. Rus dilində danışdığım ukraynalı komanda yoldaşım Artem Milevski yeni şeylər öyrənməyimə kömək edir. Ancaq digər komanda yoldaşlarımla da münasibətim yaxşıdı.   

- Baş məşqçi Stanko Poklepoviçin məşqləri necə keçir? Onun məşqlərində yeni nəsə öyrənə bildin?

- Azərbaycanda 5 il yüksək səviyyədə futbol oynamışam. Yəni, belə məşqlərin çoxunu orada görmüşəm. Bununla belə məşqlər maraqlı keçir.

- Necə düşünürsən, "Hayduk" Azərbaycan Premyer Liqasında oynasa, çempion ola bilər?

- Deməzdim ki, çempion olar. Ancaq çempionluq uğrunda mübarizə apara bilər. "Qarabağ" cari mövsüm Avropa Liqasının qrup mərhələsində oynayıb. Həmçinin "Neftçi", "İnter" kimi yaxşı klublarımız da var.

- Xorvatiya və Azərbaycan çempionatlarını necə müqayisə edərdin?

- Xorvatiya klubları daha öncə avrokuboklarda Azərbaycan komandaları ilə qarşılaşıb. Komandalar arasında mübarizənin getdiyinin şahidi olmuşuq. Azərbaycanda xeyli sayda legioner futbolçular var ki, fərdi oyuna üstünlük verirlər. Ancaq buradakı əcnəbi futbolçular fərqli oyun nümayiş etdirirlər.

- "Dinamo" ilə derbi oyununda meydana çıxmadın. Ancaq deyəsən, stadiondakı atmosferə heyran qalmışdın...

- Bəli, stadionda gözəl atmosfer var idi. Daha öncə bu təcrübəni yaşamamışdım. Təəssüf ki, həmin görüşdə oynamadım və sonda qol buraxdıq. Azərbaycanda keçirilən "Qarabağ" - "Neftçi" derbisi zamanı stadiona 7 min azarkeş gəlir. Ən azı arenada 3 min tamaşaçı olur.

- Mövsümün sonuna qədər neçə qol vuracaqsan?

- Əgər oynasam, 5 qol vuracam.

- Xorvatiya klubuna keçməyini ailən necə qarşıladı?

- Bu, mənim üçün yeni çağırış idi. "Hayduk"a gəldiyim üçün xoşbəxtəm. Ailəm də bu transferi xoş qarşıladı. Onlar seçimimə hörmətlə yanaşdılar və məni dəstəklədilər.

- Uşaqlıqda hansı futbolçunun fanatı idin?

- Ronaldinyo. Onun oyununu izləməkdən zövq alırdım.

- Xorvatiya futbolu dedikdə, ağlına ilk hansı oyunçu gəlir?

- Uzun illərdir "Şaxtyor"da (Donetsk, Ukrayna) çıxış edən Dario Srna. O, ölkəmizdə də kifayət qədər tanınmış futbolçudu. 

Ruslan Qurbanov milli komandamızla bağlı suallara da cavab verib:

- Malta ilə AÇ-2016-nın seçmə mərhələ oyunu öncəsi baş məşqçi Robert Prosineçki mənə dedi ki, meydana çıxmağa hazır ol. Hər şey normal olacağı halda, təxminən 60-cı dəqiqədən sonra meydana çıxmağım planlaşdırılırdı. Amma Namiq Ələsgərovun erkən zədələnməsi və oyunu davam etdirə bilməməsi 22-ci dəqiqədən meydana çıxmağıma şərait yaratdı. Prosineçki oyunumdan razı qaldığını bildirdi və söylədi ki, "Hayduk"dakı çıxışımı izləməyə davam edəcək. 

- Stadiondakı atmosfer fantastik idi. Baxmayaraq ki, azarkeşlərimiz bu seçmə mərhələyə uğursuz startımıza görə çox məyus idilər. Amma bu dəfə yeni baş məşqçi ilə meydana çıxdığımıza görə, yenə bizi dəstəksiz qoymamışdılar.

- Prosineçki əvvəlki baş məşqçi Berti Foqtsun tam əksidi. O, hücum futbolu sərgiləməyimizi, parlaq oyun göstərməyimizi istəyir. Bu isə futbolçular tərəfindən də xoş qarşılanmaqdadı.

- Bizim öncəki hədəfimiz qrupda üçüncü yeri tutmaq idi. Amma seçmə mərhələyə ardıcıl məğlubiyyətlərlə başlamağımız şansımızı azaltdı. Buna baxmayaraq, mübarizəmizi sonadək davam etdirəcyik. Növbəti seçmə mərhələ üçün rəqabətədavamlı komanda yaratmaq lazımdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər