"Valideynlərim ləzgidir, amma mən Stavropolda doğulub böyümüşəm. 14 yaşına qədər yerli "Dinamo" komandasında oynadım, sonra "Rostov"un əvəzedici komandasına keçdim. Pulun dadını hiss etdikcə nizam-intizamla bağlı problemlər başladı və məni "Taqanroq"da oynamağa göndərdilər. Lakin nizam-intizamla bağlı məsələ orada da davam etdi".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Zirə" klubunun futbolçusu Ruslan Qurbanov "Sports.ru" saytına açıqlamasında deyib.
29 yaşlı oyunçu futbola gəlişindən və karyerasını Azərbaycanda davam etdirmə tarixçəsindən danışıb: "Nizam-intizam problemi "Taqanroq”da da davam etdi. Nəticədə 16 yaşından 18 yaşına qədər az oynadım. Sonra məni "Neftçi”yə dəvət etdilər. Komandanın keçmiş oyunçusu Rasim Abuşev yanıma gəldi və məni Bakıya dəvət etdi. Seçimim var idi: ya ordu, ya da futbol. 13 saat maşınla getdik. Bakını görən kimi dərhal şəhərə aşiq oldum. "Neftçi" ilə 5 illik müqavilə imzaladım. O vaxtdan bəri Azərbaycanda yaşayıram. Burada insanlar qonaq qəbul etməkdən həmişə məmnundurlar. Qonağı ləyaqətlə qarşılayır, görməli yerləri göstərir, köməyə ehtiyacınız varsa, çətin anlarda kömək edirlər”.
Forvard Azərbaycanın cəbhədəki qələbəsindən də söz açıb: "Gecə atəşfəşanlıq səsi ilə oyandım və hər şeyi həmin vaxt öyrəndim. Pəncərəni açdım, gördüm ki, maşının yanında 25 nəfər rəqs edir. Televizoru açdım və prezidentin bunu elan etdiyini gördüm. Həmin günü şəhər yatmadı. İnsanlar komendant saatına baxmayaraq küçələrdə şənliklər təşkil etdilər. Hər kəs bayraqlarla 30 ildən sonra xəyal qurduqları anı qeyd edirdi. Müharibəyə görə Azərbaycanda milyonlarla qaçqın var. Cəbhəyə gedən könüllülər çox idi. Bunların arasında MMA döyüşçüləri, futbolçular da var idi. Xalq əsgərlərə çox kömək etdi, hərbi maşınları dayandırıb əsgərlərə su, qida və siqaret verirdilər".