İngiltərənin ikinci divizionu sayılan Çempionşip dünya futbolunda aşağı liqalar arasında ən azarkeş kütləsinə sahib turnirdir.
Fanat.Az liqada baş verən maraqlı hadisələri və turnir cədvəlinin son durumunu təqdim edir:
Maliyyə "fair play" qaydalarına riayət etmədiyinə görə yarışa mənfi 12 xalla başlayan "Derbi Kaunti" yenidən müzakirə mövzusu olub. İngiltərənin nüfuzlu "Telegraph" nəşrinin jurnalisti Con Persinin sözlərinə görə, ötən mövsümki maliyyə fırıldaqçılığına görə klubdan daha 21 xal alınacaq. İngiltərə millisinin və "Mançester Yunayted"in əfsanəvi futboloçusu Ueyn Runinin başçılıq etdiyi komanda qərar boyun əyib və çempionatı mənfil 33 xalla davam etdirməyə razı olub.
Çempionşipdə zəif çıxışa görə "Midlsbro" baş məşqçisi Nil Uornokla yollarını ayırıb. Komandanın yeni baş məşqçisi isə "Şeffild Yunayted"in sabiq çalışdırıcısı Kris Uaylderdir. İngiltərəli mütəxəssis artıq komandaya yeni futbolçu cəlb etməyi də düşünür. Belə ki, 54 yaşlı baş məşqçi heyətə "Arsenal"ın akademiyasından olan 20 yaşlı hücumçu Florian Baloqanı transfer etməyi düşünür.

Uelsin "Kardiff Siti" klubu Stiv Morrisonu mövsümün qalan hissəsi üçün əsas komandanın baş məşqçisi təyin edib.

17 turdan sonra Skot Parkerin çalışdırdığı "Bornmut" 40 xalla turnir cədvəlinə başçılıq edir. 2-ci yerdə isə 38 xalla "Fulhem" qərarlaşıb.

"Fulhem"in serbiyalı hücumçusu Aleksandr Mitroviç 20 qolla bombardilrər siyahısına başçılıq edir. "Haddersfild"in yarımmüdafiəçisi Sorba Tomas isə ən çox məhsuldar ötürmə edən futbolçudur - 8.
Xatırladaq ki, Çempionşipin 18-ci turuna noyabr ayının 18-i start veriləcək.
Emin Şəmsiyev