Dünyanın ən yaxşı futbolçularından biri olan Kriştiano Ronaldo son zamanlar əvvəlki performansından çox uzaq düşüb. Fanat.Az xəbər verir ki, 7 il əvvəl 94 milyona avroya keçdiyi "Kral Klubu"nun ən böyük silahı hesab olunan portuqaliyalı ulduz bu mövsüm forma geyindiyi oyunlarda cəmi 2 qol vurub.
Qol vura bilməməsi bir yana, Ronaldo əvvəlki oyununu da sərgiləyə bilmir. Dünən axşam "Real"ın "Las Palmas"la 2:2 hesablı heç-heçə başa çatan oyununda isə o, bir ilki yaşayıb. Belə ki, qarşılaşmanın 71-ci dəqiqəsində Lukas Vazkues tərəfindən əvəzlənən portuaqliyalı 7 ildi oynadığı "Real"da ilk dəfə zədə almadan oyunu yarımçıq qoymalı olub.
Ronaldonun son 3 La Liqa matçında statistikaları o qədər bərbad vəziyyətdədi ki, o, bu göstəricilərdə nəyinki əzəli rəqibi Lionel Messiyə çata bilmir, hətta "Barselona"nın qapıçısı Ter Stegendən belə geri qalır. Belə ki, alman qapıçı son 3 matçda 175 ötürmə verib və bunun 86 faizi dəqiq olub. Ronaldo isə sadəcə 75 ötürmə verə bilib. Bunun isə 80 faizini dəqiq yerinə yetirib. Ronaldo ən böyük üstünlüyü olan driblinq sayında da Ter Stegeni keçə bilmir. Hər iki futbolçu bir dəfə driblinq edib.
Bu arada portuqaliyalı ulduz "Las Palmas" matçında meydandan çıxarkən göstərdiyi üz mimikası ilə baş məşqçi Zinəddin Zidanın qərarına qarşı olduğunu göstərib.
Qeyd edək ki, "Real" "Las Palmas" matçında iki dəfə hesabda önə keçsə də, meydandan bir xalla ayrılıb. "Kral Klubu" 6 turda 14 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. 13 xalı olan "Barselona" isə ikinci pillədə qərarlaşıb.
Fanat.Az