İsveç millisinin və Çinin "Quançjou Siti" klubunun yarımmüdafiəçisi Qustav Svenson 2014-cü ildə "Tavriya"da oynayarkən Krımdan necə qaçdığından danışıb.
Fanat.Az xəbər verir ki, "GP.se" Svensonun söylədiklərini belə çatdırıb:
"Ukraynadakı o olay heç vaxt yadımdan çıxmayacaq. Həmişəki kimi, şam yeməyini restoranda yeyirdik. Yerli musiqi qrupu qulağayatımlı melodiya ifa edirdi. Küçənin o biri tərəfindəki evdə isə snayper yerləşdirilmişdi. Krıma hücum əmrini eşidəndə getmək lazım olduğunu anladım.
Klub bizə avtobus ayırdı. Yolda rus hərbçiləri saxlayır, fənər işığında sənədlərimizi yoxlayırdılar. Avtomatı bizə tuşlayıb kim olduğumuzu, hara getdiyimizi soruşurdular. Hər dəfə izah etməli, vəziyyətdən birtəhər çıxmalı olurduq. Ukrayna xalqı, sabiq klubum "Tavriya" barədə yalnız xoş düşüncələrim var. Məni ordan qaçmağa ukraynalılar yox, ruslar məcbur etdi".
Atilla