Qurban Qurbanov "Neftçi" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi bunları deyib:
“Qələbə münasibəti ilə “Neftçi”ni təbrik edirəm. “Neftçi” həmişə olduğu kimi istəkli idi. Mən futbolçuların bir neçəsinə istirahət verib, onları qorumaq istədiyimdən heyətdə müəyyən dəyişikliklər etmişdim. Düşünürəm ki, hər iki tərəfin azarkeşləri üçün maraqlı derbi oyunu alındı. Oyunçular yorğunluq fonunda mübarizə apardılar, hər birinə təşəkkür edirəm. Sürətli və yaxşı bir oyunun şahidi olduq. Mənim heç bir hakimlə işim yoxdu, o cümlədən Ömər Paşayevlə. Əksinə, diqqətləri daha çox rəqibin oyununa yönəltmək istəyirəm. 90 dəqiqə arxada qalıb, 3 xalı “Neftçi” qazandı, qabardılası bir şey yoxdu. Rəqibin qapıçısı Aqil Məmmədov yaxşı təsir bağışladı. Ümumiyyətlə, “Neftçi” mənim üçün doğma klubdu, onların hər bir qələbəsinə sevinirəm. Məncə, çempionatda mübarizə gərginləşir, irəlidə gərgin oyunlar olacaq. Hər bir rəqib bizim üçün vacibdi, bura “Neftçi” də daxildi".
Fanat.az